Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli tədbirlər keçirilir. Yubiley tədbirlərində iştirak edən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti siyasi elmlər üzrə fəlsəfə doktoru Ashat Kesikbayev öz təəssüratlarını bizimlə bölüşüb.
- Hörmətli Ashat müəllim, Bakıya xoş gəlmisiniz. Beynəlxalq Türk Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası ilə hansı sahələrdə əməkdaşlıq edir?
- Beynəlxalq Türk Akademiyası (BTA) Azərbaycan Milli Elmlər Akademiyası ilə bir çox sahələrdə geniş və dərin əməkdaşlıq əlaqələri qurub. AMEA BTA nəzdində yaradılan Türk Dünyası Akademiyaları Birliyinin fəal üzvlərindən biridir.
BTA və AMEA-nın Arxeologiya və Antropologiya, Nəsimi adına Dilçilik, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Folklor, Nizami Gəncəvi adına Ədəbiyyat, akademik Ziya Bünyadov adına Şərqşünaslıq institutları arasında tarix, dilçilik, ədəbiyyat, mədəniyyət və arxeologiya sahələrində iş birliyi yaranıb.
Birgə tədqiqat layihələri, elmi nəşrlər, konfranslar və simpoziumlar vasitəsilə bilik və təcrübə mübadiləsi həyata keçirilir. Akademiyanın institutları Türk dünyasının ortaq əlifbasının hazırlanması, ortaq türk tarixinin yazılması, Türk Dünyası Arxeologiya Birliyinin yaradılması kimi mühüm layihələrə dəyərli töhfələr verir.
- Yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasına arzularınız.
- Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə qardaş Azərbaycanın bütün elmi ictimaiyyətini ürəkdən təbrik edirəm. AMEA-nın Azərbaycanın elmi inkişafına və Türk dünyasının ortaq elmi irsinin qorunub saxlanılmasına verdiyi töhfələri yüksək qiymətləndiririk. Xüsusilə, Nəsimi adına Dilçilik İnstitutu tərəfindən müəssisənin arxivində saxlanılan ərəb dilindən Azərbaycan dilinə Xalid Səid Xocayev tərəfindən tərcümə edilmiş Mahmud Kaşğarinin “Divanü Lüğat-it-türk” əsərinin nəşri türkologiya sahəsi üçün mühüm nailiyyət olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının hörmətli rəhbər heyətinə və elmi işçilərinə uğurlar, cansağlığı, firavanlıq arzulayırıq. Qurumun cəmiyyətdə öz nüfuzunu daha da gücləndirəcəyinə inanırıq.
Bundan əlavə, bu il BTA-nın yaradılmasının 15 illiyi və AMEA-nın üzvü olduğu Türk Dünyası Akademiyaları Birliyinin 10 illiyi tamam olur. Fürsətdən istifadə edərək, Türk dünyasının elmi inkişafı üçün çalışan bütün qurumlarımızı da təbrik etmək istəyirəm.
- Gələcəkdə iki qurum arasında hansı istiqamətlərdə əməkdaşlığı daha perspektivli hesab edirsiniz?
- İnanırıq ki, iki qurum arasında gələcək əməkdaşlıq rəqəmsal humanitar elmlər, birgə məlumat bazalarının yaradılması, gənc tədqiqatçılar üçün dəstək proqramları və birgə nəşr layihələri kimi sahələrdə daha da inkişaf edəcək. Həmçinin hesab edirik ki, Türk dünyasının gündəmində olan müasir məsələlər – ətraf mühitin qorunması, süni intellekt, davamlı inkişaf, habelə “Türk dünyasına baxış – 2040” sənədində qeyd olunan fəaliyyət istiqamətləri üzrə birgə səylər böyük əhəmiyyət kəsb edir. Beynəlxalq Türk Akademiyası bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası ilə müştərək təşəbbüsləri bundan sonra da qətiyyətlə dəstəkləyəcək.
Müsahibəni apardı: Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.