Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak edən Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Askar Cumadildayev öz təəssüratlarını bizimlə bölüşüb.
- Hörmətli Askar müəllim, Bakıya xoş gəlmisiniz. Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası ilə hansı sahələrdə əməkdaşlıq edir?
- Qazaxıstan və Azərbaycan Milli Elmlər Akademiyaları arasında uzun illərdir ki, fundamental elmlər sahəsində konstruktiv əməkdaşlıq əlaqələri qurulub. Qazaxıstan Respublikasının Prezidenti yanında Akademiyanın hazırkı formatda cəmi üç ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, qurum Azərbaycan tərəfi ilə çoxsaylı istiqamət üzrə əməkdaşlıq edir. Biz bu istiqamətləri gələcək tərəfdaşlığın möhkəm təməli hesab edirik. Qazaxıstandan olan ekspertlər Azərbaycan alimlərinin iştirakı ilə təqdim edilən beynəlxalq layihə ərizələrinin qiymətləndirilməsində iştirak edir, bu da qarşılıqlı etimadı möhkəmləndirir və tərəfləri elmi müsabiqələrin qiymətləndirilməsi metodikaları ilə tanış edir.
Bizim gənc alim və tədqiqatçılarımız Azərbaycan institutlarında təcrübə keçmək imkanı əldə edib. Bu, kadr mübadiləsi və elmi mühitdə qarşılıqlı anlaşma prosesinin genişləndirilməsi üçün atılan mühüm addımdır. Sadalanan təşəbbüsləri başlanğıc nöqtəsi hesab edirik: bu tədbirlər əsasında akademiyalar birgə layihələr, proqram əlaqələndirməsi və daimi təcrübə mübadiləsi formalaşdıra bilər.
- Yubiley münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasına arzularınız.
- Qazaxıstan Respublikası Milli Elmlər Akademiyası adından Azərbaycan Milli Elmlər Akademiyasını şərəfli 80 illik yubileyi ilə səmimi qəlbdən təbrik edirəm.
Onilliklər ərzində Akademiya Azərbaycan elminin dayağı qismində çıxış edir, elmi axtarışların ənənələrini qoruyub saxlayır, yalnız milli deyil, həmçinin dünya elmi düşüncəsinin inkişafına mühüm töhfələr verir.
Azərbaycanın akademik ictimaiyyətinə yeni nailiyyətlər, beynəlxalq aləmdə tanınma və elmin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Qoy AMEA-nın yubileyi gələcək elmi ixtiralar və akademiyalarımız arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün stimul olsun!
- Gələcəkdə iki qurum arasında hansı istiqamətlərdə əməkdaşlığı daha perspektivli hesab edirsiniz?
- Fikrimcə, yaşıl texnologiyalar sahəsində birgə layihələr, iqlim tədqiqatları, bərpa olunan enerji və elmin rəqəmsallaşdırılması gələcək əməkdaşlıq üçün ən perspektivli istiqamətlərdir.
Həmçinin humanitar blokun inkişafı, xüsusilə də türk xalqlarının tarixi və mədəniyyəti, dilçilik və arxeologiya üzrə birgə araşdırmalar böyük potensiala malikdir.
Gənc alimlər mübadiləsi, birgə məktəb, laboratoriya və innovasiya proqramlarının təşkili akademik əlaqələri möhkəmləndirə və ölkələrimizin bütövlükdə Avrasiyanın elmi mühitinə töhfələrini çoxalda bilər.
Müsahibəni apardı:
Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.