Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.11.2025 19:48
  • A-
  • A
  • A+

Zəfər gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Zəfər gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təkiltaçılığı və Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyi , AR ETN Dendrologiya İnstitutu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin 7 saylı Qubadlı dəstəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli qurumlarının iştirakı ilə Zəfər Gününə həsr edilmiş Qubadlıda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Tədbirin məqsədi işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına, yaşıllıq sahələrinin artırılmasına və Qarabağın təbiətinin əvvəlki ekoloji möhtəşəmliyinə qaytarılmasına töhfə verməkdir.

Qarabağda 30 il davam edən işğal dövründə erməni işğalçıları tərəfindən törədilən ekoloji terror nəticəsində bu bölgədəki qədim tarixə malik, nadir və yaşı bilinməyən müxtəlif növ ağaclarla zəngin meşə sahələri talan edilmiş, təbiətə ağır zərbələr vurulmuşdur. Minlərlə qiymətli ağac kəsilərək məhv edilmiş, flora və fauna ciddi ziyan görmüşdür.

Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq və ekoloji dirçəliş işləri həyata keçirilir. Bu istiqamətdə reallaşdırılan tədbirlər nəticəsində Qarabağın ekoloji sistemi bərpa olunur, bölgə yenidən öz “yaşıl” simasını qazanır.

Aksiya çərçivəsində 1250 ədəd müxtəlif növ ağac və kol bitkiləri əkilib. Əkilən ağaclar əsasən bölgənin iqlim şəraitinə uyğun olan dekorativ və yerli növlərdən seçilib.

Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova, institutun əməkdaşları, Nazirlik yanında Meşələrin İnkişafı Xidmətinin 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Söhrab Abbasov, eləcə də yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.

Həyata keçirilən bu kimi ekoloji aksiyalar Qarabağın bərpasında mühüm rol oynayır və hər əkilən ağac Vətən torpağında yeni həyatın rəmzinə çevrilir. Dendrologiya İnstitutu tərəfindən növbəti illərdə də regionun yaşıllaşdırılması və biomüxtəlifliyin bərpası istiqamətində məqsədyönlü layihələr həyata keçiriləcək.

Aksiyanın sonunda iştirakçılar tərəfindən əkilən ağaclara qulluq üçün lazımi aqrotexniki tədbirlər görülüb, onların sağlam inkişafı üçün şərait yaradılıb.

Bu tədbir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ekoloji proqramların davamı olaraq regionun “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində atılan növbəti addımlardan biridir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: