Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.11.2025 14:36
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Polşada beynəlxalq konfransda məruzə ilə çıxış edib

Azərbaycanlı alim Polşada beynəlxalq konfransda məruzə ilə çıxış edib

Polşa Elmlər Akademiyasının Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq İslam Arxeoloji konfransı təşkil olunub.

"Son iyirmi ildə İslam arxeologiyası bir elm sahəsi kimi əhəmiyyətli dərəcədə inkişaf edərək daha mürəkkəbləşmiş və daha geniş mövzuları əhatə etmişdir. İslam arxeologiyası ilə Yaxın Şərq və Şimali Afrikanın incəsənət tarixinin bir-biri ilə sıx bağlı olduğu uzun bir dövrdən sonra bu elm sahəsi XXI-ci əsrdə yeni perspektivlər araşdıraraq və yeni tədqiqat sahələrini əhatə edərək yeni həyat tapmışdır. Bu tədqiqatın mövzusunu təşkil edən materiallar və üzərində işləyən tədqiqat qrupları dünyanın hər yerinə səpələnmiş və bu da fərqli arxeoloji ənənələrə əsaslanan müxtəlif perspektivlərə və gözləntilərə səbəb olmuşdur" - deyə konfransın əsas məqsədində bildirilib.

Tədbirə Polşa tədqiqatçıları ilə yanaşı ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya, Fransa, Hindistan, İraq, İspaniya, İsrail, Qətər, Portuqaliya, Səudiyyə Ərəbistanı və Türkiyədən olan məruzəçilər qatılmışlar.

Tədbirin rəsmi açılışında Polşa Elmlər Akademiyası, Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutunun rəhbərliklərinin salamlama nitqlərinin ardınca İslam Arxeologiyası üzrə böyük söz sahibi, tədqiqatçı Professor Hugh Kennedy, Berlin İslam Mədəniyyəti Muzeyinin icraçı direktoru Dr. Martina Müller-Viener məruzələr etdilər. Konfransda "İslama keçid", "İslam dünyasında xristianlar", "Şəhərlər və Dövlətlər", "Məişət, Su və Kənd təsərrüfatı", "Hərəkətlilik və ticarət", "Yaşayış məskənləri və landşaft", "Bazar yerləri və karvansaraylar", "Müdafiə istehkamları", "Məscidlər", "Əşyalar, İstifadə və İstehsalat" bölmələri üzrə məruzələr dinlənildi.

Azərbaycanı bu beynəlxalq elmi tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminli təmsil edirdi. Ceyhun Eminli "Orta əsrlərdə Qəbələnin Su təchizatı və Sanitar gigienik qurğuları (Səlbir tədqiqatları əsasında)" mövzusunda məruzə ilə çıxış etdi. Bundan əlavə konfransın "Əşyalar, İstifadə və İstehsalat" bölməsinin iclas sədrliyi də təşkilat komitəsi tərəfindən Ceyhun Eminliyə həvalə edilmişdi.

Tədbir çərçivəsində Varşava Milli Muzeyinin Şərq departamentinin nəzdində İslam əsərləri fonduna səfər və "Ərəbistanın Erkən İslam dövrü keramikası: Keçid sahələri" mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Konfransın yekun günü ümumi yığıncaq (General Assembly) keçirilərək, növbəti illərdə tədbirin coğrafiyasının genişləndirilməsi və təkmilləşdirilməsi üzrə müzakirələr aparıldı. Yekun nəticəyə əsasən 2026-cı ildə İslam Arxeoloji konfransının İtaliyada təşkil olunması qərara alındı. Qeyd edək ki, 2024-cü ildə konfrans Almaniyanın Frankfurt şəhərində yerləşən Göethe Universitetində baş tutmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: