Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.11.2025 12:21
  • A-
  • A
  • A+

Nizami Gəncəvi Muzeyinə “Xəmsə”nin türk dilinə tərcümə edilmiş nüsxələri hədiyyə edilib

Nizami Gəncəvi Muzeyinə “Xəmsə”nin türk dilinə tərcümə edilmiş nüsxələri hədiyyə edilib

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsinə start verib.

Daha çox qardaş ölkənin elmi-ictimai mühitində Nizami Gəncəvinin irsinin daha yaxından tanıdılmasına, təbliğinə xidmət edən layihə eyni zamanda digər türk dilli xalqların elmi mərkəzlərinə, kitabxanalarına da çatdırılmaqdadır.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən artıq beşliyə daxil olan "Sirlər xəzinəsi" və "İskəndərnamə" əsərlərinin tərcümə və nəşri başa çatmışdır.

Türkiyədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan beynəlxalq konfransda və “Xəmsə”nin tərcümə olunan “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarının təqdimatında iştirak edən AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov Azərbaycan Mədəniyyət Mərkəzi ilə AMEA Gəncə Bölməsi arasında imzalanan memorandumun tələbləri çərçivəsində adı çəkilən poemaların nüsxələrini Azərbaycan Mədəniyyəti Mərkəzinin adından Gəncə şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi Muzeyinə hədiyyə etmişdir.

Ə.Muxtarov Muzeyin direktoru Teymur Əliyevlə söhbətində qeyd edib ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2026-cı ilin sonunadək “Xəmsə”yə daxil olan poemaların hər birinin Türk dilinə tərcümə olunması nəzərdə tutulub. AMEA Gəncə Bölməsi ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən bu təqdimatlarda məqsəd iki qardaş ölkənin alimlərinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və  yaradıcılığı ilə bağlı tədqiqatlara daha da yaxından dəstək olmaq, inkişaf etdirməkdir.

Qeyd edək ki, Ə.Muxtarov bundan öncə Özbəkistana səfəri çərçivəsində orada fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təçəbbüsü və dəstəyi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin orijinaldan Özbək dilinə tərcümə olunmuş “Xəmsə” toplusunu da Gəncə Nizami Gəncəvi Muzeyinə təqdim etmişdir ki, həmin kitablar əsas fonda daxil edilərək ziyarətçilərin istifadəinə verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: