AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və Əjdər Babazadə (Qarabağ Universitetinin, Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının müdiri), Danimarkada keçirilən beynəlxalq seminarda iştirak ediblər.
Beynəlxalq seminar NordForsk tərəfindən maliyyələşdirilən və Danimarka Texniki Universiteti ilə Aarhus Universiteti tərəfindən həyata keçirilən THOCA (Mərkəzi Asiyada İnsan Məskunlaşmalarının Vaxtı və Ekologiyası) beynəlxalq layihəsinin nəticələrinə həsr olunmuşdur. NordForsk Şimali Avropa (Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç və Farer adaları, Qrenlandiya və Aland adaları) ölkələrinin elm-tədqiqat və infrastruktur sahələrində tərəfdaşlığı və maliyyələşməni təşviq edən təşkilatdır. Şimal Ölkələri Nazirlər Şurasının tabeçiliyində fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi Şimali Avropa ölkələri və ümumilikdə, Şərq və Qərb ölkələri arasında tədqiqat əməkdaşlığını gücləndirməkdir.
THOCA və CAUCUS layihələri çərçivəsində aparılan tədqiqalar Mərkəzi Asiyada və Cənubi Qafqazda qədim insan məskunlaşmasının tarixini və şəraitini - paleo-ekosistemi (iqlim, torpaq, landşaft dəyişiklikləri) sistemli şəkildə araşdırmaq və Afrikadan çıxış, ilk migrasiyalar, Avrasiyada erkən homininlərin məskunlaşması, texnoloji, fizioloji, koqnitiv, anatomik təkamül mərhələlərini dərk etməyi qarşısına məqsəd qoymuşdur. Cənubi Qafqaz üzrə əsas tədqiqatlar - bölgədə tarixdən əvvəlki dövrlərdə “insan-ekologiya-landşaft” dinamikalarını anlamağa yönəlmişdir. Göstərilən layihələr çərçivəsində tələb olunan mütləq tarixləndirmə (radiokarbon, Optik Stimullaşdırılmış Lüminessensiya / OSL, U-Th torpaq karbonatları, geoxronoloji, maqnetostratiqrafik, berillium-10 kosmogen nüvəli) və qədim iqlimi, insanın qida rasionunu, təbiətə qarşılıqlı təsirinin təyini (biomarker, izotop, mikromorfoloji, mineroloji, palaeoproteomik, arxeometrik, bio-arxeoloji, aDNT və d.) üzrə araşdırma və analzilər maliyyələşdirilməkdədir.
Analizlər üçün seçmələr arasında Azərbaycandakı Azıx mağarasından və Qaraca açıq tipli paleolit düşərgəsindən götürülmüş nümunələr də yer almaqdadır. Analizlər əsasən, Kopenhagen, Aarhus, Oslo Universitetləri və Danimarka Texniki Universitetində aparılmaqdadır.
Tədbirdə Azad Zeynalov Azərbaycan-Danimarka beynəlxalq arxeoloji heyətin Azərbaycanın erkən hominin məskənlərindən olan Azıx mağarasında (Xocavənd), Qaraca açıq tipli paleolit düşərgəsində (Mingəçevir) və Azərbaycan-Yaponiya tədqiqat qrupunun Tağlar mağarasında (Xocavənd) apardığı araşdırmaların ilkin nəticələrini təqdim etmişdir.
Əjdər Babazadə isə, 2024-cü ildən həyata keçirilən Azərbaycan–Almaniya Azıx beynəlxalq paleolit ekspedisiyasının tədqiqatlarından bəhs etmişdir. Qeyd edək ki, Azıx mağarasında tədqiqatlar Arxeologiya və Antropologiya İnstitutu (AMEA) ilə Leibniz Arxeologiya İnstitutu (LEIZA) arasında əldə edilmiş elmi əməkdaşlıq çərçivəsində aparılmaqdadır. Araşdırma heyətinə, Azərbaycan, Almaniya, Portuqaliya, Polşa, Çexiya, Danimarka, Norveç və d. ölkələrdən arxeologiyanın müxtəlif sahələri üzrə mütəxəssislər cəlb edilmişdir. Eyni zamanda Əjdər Babazadə Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında bağlanmış memorandumun əsasında və Azərbaycan Elm Fondunun grant layihəsinin (“Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji və eksperimental analizləri” (AEF-MCG-2023-1(43)-13/13/5-M-13)) vəsaiti ilə Qarabağ Universitetində qurulmuş Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasından bəhs etmişdir.
THOCA və CAUCUS layihə rəhbərləri tərəfindən Azıx mikroskopik laboratoriyasının fiziki məkan imkanları, muasir texnoloji avadanlıqları və tədqiqatçı-tələbə potensialı vurğulanaraq laboratoriyanın davam edən və gələcək layihələrdə xüsusi rol oynayacağı qeyd edilmişdir.
Seminar iştirakçıları, Danimarka Texniki Universitetində Optik Stimullaşdırılmış Lüminessensiya (OSL) laboratoriyasında, Aarhus Universitetdə yerləşən Biomarker laboratoriyası, kosmogen, C14 laboratoriyası (Aarhus Accelerator Mass Spectrometry Centre) kimi analizlər mərkəzlərini və dünyanın ən müasir muzey komplekslərindən biri olan Moesgaard muzeyini və Danimarka Milli Muzeyini ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.