Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2025 17:12
  • A-
  • A
  • A+

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu seksiya iclasları ilə davam edir

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu seksiya iclasları ilə davam edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu seksiya iclasları ilə davam edir.

Simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.

Beynəlxalq tədbirin seksiya iclasları sənətşünaslıq doktoru, professor Abbasqulu Nəcəfzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı,  professor Kubilay Gürbiz, filologiya elmləri doktoru, professor Ramil Əliyev, professor  Kuanşbek Türeke, professor Azatgül Taşmatova, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, filologiya üzrə fəlsəfə doktoru, dosent Sanatjon Sariyev, Ozan Şiar Ağdaşan, dosent Bekarys Nurimanın moderatorluğu ilə baş tutub.

İclaslarda Türk dünyasında ortaq musiqi kodları və mədəni yaddaş, musiqi mədəniyyətinin formalaşması və tarixi inkişaf mərhələləri, Türk nəfəs və simli alətlərinin tarixi təkamülü, aşıq sənəti və onun müasir problemləri, Azərbaycan ənənəvi musiqisində balaban, zurna, saz, tar, kamança  və s. alətlərin yeri və rolu, yazılı və şifahi ədəbiyyatda balaban, milli musiqi alətlərinin hazırlanması sahəsində problemlər və perspektivlər, Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin yaradıcılığı, Türk dünyasında zurna-balaban sənətinin tədqiqi istiqamətlərini əhatə edən müxtəlif mövzularda 80-yə yaxın məruzə təqdim olunacaq.

Qeyd edək ki, simpozium AMEA Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: