Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dosent Elmira Cəfərova Özbəkistan Respublikasının Səmərqənd şəhərində "İpək Yolu" Beynəlxalq Tədqiqat İnstitutu tərəfindən keçirilən "İpək Yolunun maddi-mədəni irsinin öyrənilməsi və qorunmasının aktual məsələləri" II Beynəlxalq simpoziumunda iştirak etmişdir.
Tədbirdə Özbəkistandan başqa dünyanın 19 ölkəsindən, o cümlədən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Çin, ABŞ, Şotlandiya, Böyük Britaniya, Avstriya, Almaniya, Niderland, Yaponiya, Monqolustan, Rusiya və digər ölkələri təmsil edən tanınmış arxeoloqlar, memarlar, bərpaçılar, muzeyşünaslar məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, institut "İpək Yolu" Beynəlxalq Turizm və Mədəni irs Universitetinin nəzdində Özbəkistan Respublikası Prezidentinin "Turizm, mədəni irs və muzeyşünaslıq sahələrində ixtisaslı kadrların davamlı hazırlanması sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında Qərarı" na əsasən təsis edilmişdir.
Simpoziumun rəsmi açılışında "İpək Yolu" Beynəlxalq Turizm və mədəni irs Universitetinin rektoru Ə.Abduhakimov, Özbəkistan Respublikasının Ekologiya və iqlim dəyişikliyi naziri, "İpək Yolu" Beynəlxalq Turizm və mədəni irs Universitetinin 1-ci prorektoru prof. D.Nəsimov, "İpək Yolu" Beynəlxalq Turizm və mədəni irs Universitetinin tədqiqat işləri və İnnovasiyalar üzrə prorektoru prof. Tongqian Zou, "İpək Yolu" Beynəlxalq Tədqiqat İnstitutunun direktoru tanınmış alim, prof. M.Yusupova Səmərqənd vilayətinin hokim müavini R. Kobilov, Bursanın Uludağ Universitetinın bərpa doktoru və İCOMOS-un üzvü Figen Kıvılcım Çorakbaş, Qlazqo Universitetinin Arxeologiya bölməsindən Dr. Sheehan Bestel çıxış etdilər.
Plenar iclasdan sonra simpozium öz işini üç paralel seksiyalarda davam etdirdi. “Arxeologiya və İpək Yolunun erkən sivilizasiyaları”, “İpək Yolunun maddi mədəni irsinin obyektləri: tədqiqat, bərpa, muzeyləşdirmə və populyarlaşdırma”, “İpək Yolu ölkələrinin turizm sənayesinin inkişafında dekorativ-tətbiqi və təsviri sənət, innovativ texnologiyalar” bölmələri üzrə məruzələr dinlənildi.
Azərbaycanlı alimin təqdim etdiyi “The silk road as a factor of urbanization in medieval towns of Azerbaijan” (“İpək yol Azərbaycanın orta əsr şəhərlərinin urbanizasiya amil kimi”) mövzusunda məruzəsi və təqdimatı böyük marağ doğurub.
Təşkilatçılar tərəfindən “Arxeologiya və İpək Yolunun erkən sivilizasiyaları” adlı birinci bölümünün moderatorluğu t.ü.f.d., dosent Elmira Cəfərovaya həvalə edilmişdir. Məruzələr böyük maraqla dinlənilmişdir.
Tədbir çərçivəsində iştirakçılar, doktorantlar və tələbələr üçün dəyirmi masa və ustad dərslər təşkil olunmuşdur. Simpoziumun bağlanış hissəsində iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilmişdir.
Tədbir çərçivəsində iştirakçılar Səmərqənd şəhərindəki Özbəkistan Dövlət Tarix və Mədəniyyət Muzeyinə və ənənəvi sənətkarlıq məkanı olan Koniqil kəndinə səfər etmişdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.