AR ETN Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri və böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Elyanə Tahirova 16–29 noyabr 2025-ci il tarixlərində Çin Elmlər Akademiyası Hidrobiologiya İnstitutunun (Vuhan, Çin) təşkil etdiyi “2025 International Training Class on Aquatic Identification and eDNA Data Analysis” adlı beynəlxalq təlimdə iştirak edib.
Təlim “Kəmər və Yol” və digər inkişaf etməkdə olan ölkələr üçün Elm və Texnologiya Təlim Proqramı çərçivəsində Çin Elmlər Akademiyası tərəfindən maliyyələşdirilmişdir. Proqramın təşkilatçısı professor Yingchun Gongdur.
Təlimdə hidrobiontların tədqiqi, növlərin identifikasiyası, molekulyar ekologiya və müasir (eDNA) ətraf mühit DNT texnologiyaları üzrə ixtisaslaşmış beynəlxalq mütəxəssislər iştirak ediblər. Proqrama mühazirələr, laboratoriya məşğələləri və çöl tədqiqatları daxil idi.
Təlimin əsas məqsədləri su canlılarının təsnifatı və ekoloji rolu haqqında nəzəri biliklərin artırılması, biomüxtəlifliyin monitorinqində ətraf mühit DNT (eDNA) yanaşmalarının tətbiqi, material toplanması, təyini və molekulyar analizlər üzrə praktiki bacarıqların inkişaf etdirilməsi olmuşdur.
Proqram çərçivəsində Çin və Rusiya alimləri zooplanktonun təsnifatı, sianobakteriyalar və onların yaratdığı ekoloji risklər, şirin su makrofitləri və makrozoobentosun ekologiyası və mühafizəsi haqqında ətraflı təqdimatlar ediblər.
Təlimin mühüm hissəsi eDNA iş mərhələləri – nümunələrin işlənməsi, filtrasiya, DNT ekstraksiyası, PZR, sekvenasiya və bioinformatik təhlil – üzrə təqdimat və praktik məşğələlər olub. Eyni zamanda “Protist 10,000 Genomes Project (P10K)”, ibtidailərin qlobal genom tədqiqatlarında xüsusi əhəmiyyəti haqqında təlim iştirakçıları məlumatlandırılmışdır.
Laboratoriya məşğələləri zamanı iştirakçılar mikroorqanizmlər, zooplankton, fitoplankton, makrobentik onurğasızların mikroskopik tədqiqi, taksonomik əlamətlərə görə təyini ilə yanaşı, eDNA filtrasiya və ekstraksiyası proseslərini praktiki olaraq yerinə yetiriblər.
Vuhan şəhərinin daxili su hövzələrində aparılan çöl tədqiqatları zamanı plankton torları ilə plankton nümunələri, dibçarpanla makrozoobentos, həmçinin eDNA analizi üçün su nümunələri toplanıb. Bu fəaliyyətlər düzgün nümunə götürmə metodları və ekoloji monitorinq üçün keyfiyyətə nəzarət prinsiplərini daha dərindən öyrənməyə imkan verir.
Təlimdə Çinli tədqiqatçılarla yanaşı Rusiya, Qazaxıstan, Malayziya, Banqladeş, Özbəkistan, Tacikistan kimi ölkələrdən də tədqiqatçılar iştirak edib. Bu isə gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələr istiqamətində danışıqların aparılması üçün şərait yaratmışdır.
Təlim gedişində E.Tahirova əməkdaşı olduğu laboratoriyanın fəaliyyəti, iş prinsipi, elmi istiqamətləri, həmçinin öz tədqiqat nəticələri haqqında təqdimatla çıxış etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.