Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.12.2025 12:23
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Çinin Uhan Universitetində mühazirə ilə çıxış edib

Azərbaycanlı alim Çinin Uhan Universitetində mühazirə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitri Aleksandroviç Kiriçenko Uhan Universitetinin İnsan Osteoarxeologiyası Laboratoriyasının (Laboratory of Human Osteoarcheology) direktoru Dr. Qun Janqın (Qun Zhang) və Universitetin Arxeologiya departamenti, həmçinin Tarix Məktəbinin rəhbərliyinin dəvəti ilə Çin Xalq Respublikasının Uhan şəhərinə səfər edib.

O, universitetin tələbələri qarşısında Azərbaycanın antropologiyası və arxeologiyası haqqında mühazirə və təqdimatla çıxış etmişdir. Azərbaycanlı alimin mühazirəsi Uhan Universitetinin tələbə və müəllim heyətində ölkəmizin antropologiyası və arxeologiyasına böyük maraq doğurub.

D.A.Kiriçenko İnsan Osteoarxeologiyası Laboratoriyasında Neolit, Tunc dövrü və Qədim Çinin Han sülaləsinə (e.ə. 3-cü əsr - eramızın 3-cü əsri) aid antropoloji materialları araşdırıb.

Elmi səfər müddətində azərbaycanlı alim çinli həmkarı Dr. Qun Janqla birlikdə Mərkəzi Çində kraniometriya, paleopatologiya məsələləri, kremasiya və mumiyalama ənənələri barədə müzakirələr apardılar. Həmçinin, onlar Azərbaycan və Çinin fiziki antropologiyasındakı oxşarlıqları və fərqləri müzakirə ediblər, Çində istifadə olunan antropoloji materialın tədqiqat metodlarını nəzərdən keçiriblər.

Çinli həmkarı azərbaycanlı alim üçün maraqlı və zəngin bir mədəni proqram təşkil edib. Mədəni proqram çərçivəsində azərbaycanlı alim Urumçi, Uhan və Pekin muzeylərində olub,  Böyük Çin səddinə səfər edib, arxeoloji və antropoloji materiallarla təqdim olunan Çin mədəni irsinin nümunələri və Çin paytaxtının görməli yerləri ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: