Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.12.2025 09:56
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda keçirilən şahmat turniri başa çatıb

Geologiya və Geofizika İnstitutunda keçirilən şahmat turniri başa çatıb

ETN Geologiya və Geofizika İnstitutunda (GGİ) təşkil olunan AMEA-nın 80 illik yubileyi və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ənənəvi şahmat turniri uğurla başa çatıb.

GGİ rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 noyabr - 03 dekabr tarixlərində keçirilən turnirə institutun əməkdaşları böyük maraq göstəriblər, müxtəlif  yaş qruplarından olan iştirakçılar mübarizədə iştirak edərək, zəka və strateji düşünmə bacarıqlarını nümayiş etdiriblər. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında III yer uğrunda keçirilən görüşdə GGİ-nin Dinamiki geologiya şöbəsinin aparıcı elmi işçisi Şahvələd Köçərli Filiz maqmatik sistemləri və minerageniya şöbəsinin mühəndisi Gülcamal İsayevaya 2:0 hesabı ilə qalib gələrək, üçüncü yeri qazanıb.

I yer uğrunda mübarizədə Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin kiçik elmi işçisi Tural Babayev Müasir geodinamika və kosmik geodeziya şöbəsinin böyük laborantı Murad Qəhrəmanova 2:0 hesabı ilə qalib gələrək turnirin çempionu adını qazanıb. Məntiqi olaraq Murad Qəhrəmanov II yerlə kifayətlənib.

Turnirin sonunda təşkilatçıları adından çıxış edən HİK sədri, geologiya-mineralogiya elmləri namizədi Kamran Əliyev bütün iştirakçılara və azarkeşlərə təşəkkürünü bildirib. Bundan sonra da əməkdaşların asudə vaxtının səmərəli təşkil olunmasında bu cür intellektual yarışların keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin iştirakçıların diqqətinə çatdırıb ki, qaliblərin mükafatlandırılması GGİ elmi şurasının növbəti iclasında reallaşacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: