AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Elmi şuranın iclası keçirilib.
İclasda bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov Azərbaycan Respublikasının fövqəladə hallar atlasının hazırlanması barədə məlumat verib.
Qeyd edilib ki, Prezident İlham Əliyev 2016-ci il martın 2-də “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Sərəncam imzalayıb. Sənəddə redaksiya heyətinin tərkibi və proqram layihəsi təsdiqlənib. Akademik Ramiz Məmmədov atlasın məsul katibi təyin olunub. Əsas icraçılar AMEA-nın Coğrafiya və Geologiya və Geofizika institutlarıdır.
Bildirilib ki, Azərbaycanda atlasın yaradılması istiqamətində işlər iki il əvvəl başlanıb və Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra sürətlənib.
Alim ölkəmizin inkişaf edən dağıdıcı proseslərin baş verdiyi fəal dağlıq qurşaqda yerləşdiyini, bu amillərin qarşılıqlı təsirinin ildən-ilə fəallaşması nəticəsində sel, daşqın, zəlzələ, sürüşmə, quraqlıq, yanğın və digər bu kimi təbii-dağıdıcı hadisə və proseslərin ekoloji mühitə təsirinin artdığını diqqətə çatdırıb.
Bu baxımdan atlasın yaranmasının zəruriliyini xüsusi qeyd edən akademik onun redaksiya heyəti, icraçıları, məqsəd və vəzifələri, xəritələrin siyahısı, tədqiqatın metod və vasitələri, gözlənilən nəticələr və s. barədə danışıb.
R.Məmmədov qeyd edib ki, proqram layihəsi hazırlanarkən bir sıra qabaqcıl ölkələrin müvafiq atlasları nəzərdən keçirilib, müsbət halları hazırkı layihənin tərtibində tətbiq edilib. Xarici mütəxəssislərin qabaqcıl təcrübəsindən istifadə etmək məqsədilə onların treninqlər keçirməsi üçün ölkəmizə dəvət olunmaları nəzərdə tutulur. Atlasın hazırlanması üçün 200-dən artıq xəritənin tərtibinə ehtiyac olduğu bildirilib.
Hazırlanacaq xəritələrin sahələr üzrə bölgüsü aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.