4–5 dekabr 2025-ci il tarixlərində Sankt-Peterburqda, Tavriçeski sarayında MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının təşkilatçılığı ilə "Sovet xalqlarının kollektiv yaddaşında Böyük Vətən müharibəsi: Qələbənin 80 illiyinə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Tarix və Etnologiya İnstitutunun Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Azərbaycanın İkinci Dünya müharibəsində Qələbəyə töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə azərbaycanlı döyüşçülərin cəbhədə göstərdikləri qəhrəmanlıq, Bakı neftinin müharibənin gedişində həlledici rolu və Azərbaycanın arxa cəbhədə apardığı fədakar fəaliyyət geniş şəkildə diqqətə çatdırılıb. Lend-liz marşrutu Azərbaycan ərazisindən keçərək, Xəzər dənizi üzərindən və quru yolu ilə həyata keçirilən daşımalar müttəfiqlərin qələbə strategiyasında mühüm yer tutduğu vurğulanıb. Bununla yanaşı, müharibə dövründə strateji əhəmiyyət daşıyan yeganə açıq hava xəttinin Moskva–Bakı–Tehran marşrutu olduğu qeyd edilib və bu xəttin həm kəşfiyyat məlumatları, həm də həyati əhəmiyyətli yüklərin daşınmasında oynadığı rol xüsusi diqqətə çatdırılıb.
Konfrans iştirakçıları 5 dekabr tarixində Leninqradın blokadası muzeyini də ziyarət ediblər. Beynəlxalq konfrans müharibənin tarixi yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.