AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Fidan Nəsirova Yaxın Şərq Universiteti, Rumi Araşdırmalar Mərkəzi, Xəzər Universiteti, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində keçirilən X Beynəlxalq Rumi konfransında iştirak edib.
Dünyanın müxtəlif ölkələrinin tanınmış alim və araşdırmaçılarının da qatıldığı konfransda “Nəfslə savaşdakı qalibiyyət və ya Mövlana baxış prizmasında sülh” adlı məruzə ilə çıxış edən tədqiqatçı Ruminin “Məsnəvi” əsərini kamil insan modelinin formalaşdırılmasında həm universal, həm də uşaqlar üçün mənəvi-əxlaqi tərbiyə mənbəyi kimi dəyərləndirib.
Məruzədə müasir dünyada artmaqda olan münaqişələr, mənəvi deqradasiya və humanitar böhranlar fonunda insan amilinin həlledici əhəmiyyəti, “sağlam uşaq=sağlam cəmiyyət” konseptual gerçəkliyi xüsusi vurğulanaraq sülh, barış və tolerantlıq ideyalarının pedaqoji-etik potensialından söz açılıb.
Rumi baxış bucağından sülhün müharibənin yoxluğu kimi deyil, insanın daxili varlığında birliyin və hüzurun dərk edilməsi kimi izahı dinləyicilərin nəzər-diqqətinə çatdırılıb. Rumi nəfsə qalib gəlməyi, mənəvi təmizlənməni, xeyir seçimini və başqası ilə anlaşma bacarığını əsas sülh modelləri kimi təqdim edir.
Məruzədə müasir qlobal xaos – regional münaqişələrin çoxluğu, humanitar böhranlar, ekoloji tənəzzül və insanın süni intellektlə əvəz olunması təhlükəsi – Ruminin bəşəriyyət üçün aktuallığını daha da artıran faktlar kimi şərh edilir. Nəticə olaraq, Mövlananın mənəviyyat mərkəzli fəlsəfəsinin uşaqlarda şəfqət, humanizm və barış mədəniyyətinin formalaşdırılmasında strateji əhəmiyyətə malik olduğu qənaətinə gəlinir və “özünə qayıdış – ilahi eşq – təbiət harmoniyası” üçlüyünün insanlığın nicat modeli kimi irəli sürüldüyü vurğulanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.