AMEA-nın Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud Köln Yunus Emre İnstitutu və Türk-Alman Universitetinin birgə təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində keçirilən Beynəlxalq Türk Dilinin Tədrisi və Türk Mədəniyyətinin Mədəniyyətlərarası Ünsiyyətdə Yeri simpoziumunda iştirak edib.
Simpoziumda filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud “Türk yumor dünyagörüşündə presedent mətnlərin dil və mədəniyyət anlayışları (Molla Nəsrəddin lətifələri)” mövzusunda məruzə edib.
Dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin, alimlərin iştirak etdiyi simpoziumda türk dilinin xarici dil kimi tədrisi və mədəni diplomatiya sahələrində mövcud akademik tədqiqatlar müzakirə edilib. Simpoziumun proqramına dilin tədrisi, ikidillilik, mədəni irs, süni intellekt tətbiqləri və mədəniyyətlərarası ünsiyyət kimi mövzularda çoxsaylı təqdimatlar daxil idi.
Həmçinin simpozium çərçivəsində qastronomiya, musiqi və biblioterapiyaya dair müxtəlif mövzuları əhatə edən seminarlar da keçirilib. Fənlərarası akademik mübadilə mühitində keçən simpozium türk dilinin beynəlxalq səviyyədə tədrisi və türk mədəniyyətinin qlobal miqyasda təbliği məqsədinə uyğun olaraq əməkdaşlıq üçün mühüm platforma yaradıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.