Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.12.2025 14:18
  • A-
  • A
  • A+

Əlcəzairin Konstantin Universitetinin alimləri Əlyazmalar İnstitutunda olublar

Əlcəzairin Konstantin Universitetinin alimləri Əlyazmalar İnstitutunda olublar

Əlcəzair Xalq Demokratik Respublikasının Konstantin Universitetinin Qərb Ölkələri Araşdırmalar Mərkəzinin müdiri tarix e.d. Hüseyn Bubidi, həmin universitetin müəllimləri – tarix e.d. Həmzə Qadiri və tarix e.d. Murad Bileydi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.

Qonaqları institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov qarşılayıb, onlara institutun tarixi, nəşrləri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib. Görüşdə həmçinin institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları – fəl.ü.f.d., dosent Rübabə şirinova və fil.ü.f.d. Sevinc Bayramova da iştirak ediblər.

Əlyazmalar İnstitutunda ərəbşünaslıq üzrə aparılan tədqiqatlarla maraqlandıqlarını qeyd edən əlcəzairli müəllimlər ziyarət zamanı institutda ərəb ölkələrinin tarixi və coğrafiyasına dair materiallarla tanış olub, ərəbdilli əlyazmalar üzərində aparılan tədqiqat işləri barədə ətraflı bilgi əldə ediblər.

Görüş əsnasında Konstantin Universiteti ilə Əlyazmalar İnstitutu arasında islam mədəni irsi, ərəb dili və ədəbiyyatı, o cümlədən tarix və digər sahələr üzrə əməkdaşlıq imkanları da müzakirə olunub.

Daha sonra qonaqlara institutun Ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu haqqında ətraflı məlumat verilib. Qonaqlar həmçinin institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifli ilə görüşüb, əlcəzairli alimlərin əsərlərinin əlyazma nüsxələri haqqında söhbət aparıblar.

Sonda əlcəzairli qonaqlar təəssüratları ilə bağlı institutun xatirə kitabına ürək sözlərini yazıblar. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.

Qeyd edək ki, bu günlərdə Əlcəzairin mətbu orqanı olan “Əl-Bəsair” qəzetində “Azərbaycanın paytaxtı Bakı şəhərinə Konstantindən elmi səfər” adlı məqalə nəşr olunub. Məqalədə qonaqlarımızın Əlyazmalar İnstitutuna elmi səfəri öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: