Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.12.2025 11:26
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında anlaşma memorandumu imzalanıb

Əlyazmalar İnstitutu ilə Türkiyənin Qars Qafqaz Universiteti arasında anlaşma memorandumu imzalanıb

Türkiyənin Qars Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri dosent Dr. Alparslan Kartal AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Qonağı institutun direktoru akademik Teymur Kərimli qəbul edib. Görüşdə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova iştirak edib.

Görüş əsnasında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Türkiyə Cümhuriyyəti Qars Qafqaz Universiteti arasında elmi əməkdaşlıq haqqında “Anlaşma Memorandumu” imzalanıb. Memorandumun imzalanmasında əsas məqsəd iki heyət arasında elmi əməkdaşlığı gücləndirmək və əlaqələri genişləndirməkdir.

Daha sonra akademik Teymur Kərimli qonağa Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə versiyasını təqdim edib. Alparslan Kartal da öz növbəsində akademik Teymur Kərimliyə dekorativ hədiyyələr bəxş edib, göstərilən etimada və diqqətə görə institut rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Elmi-tədqiqat müəssisəsinə ziyarəti zamanı türkiyəli qonaq institutun Ekspozisiya zalında sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu haqqında ətraflı bilgi əldə edib.

Alim eyni zamanda Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olub.

Sonda Dr. Alparslan Kartal Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: