AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılov və Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, dosent Sevinc Məmmədova Türk Dil Qurumunun təşkilatçılığı ilə Ankarada keçirilən IV Beynəlxalq “Onomastika məsələləri” simpoziumunda (Ad Bilimi Bilgi Şöleni) iştirak ediblər.
Tədbir çərçivəsində dosent Sevinc Məmmədova “Sosial mediada nikneym-rəqəmsal şəxsiyyətin yeni imzası”, dosent Elçin İsmayılov isə “Kəngər-Konqor-Kəngərli” adlı məruzələrlə çıxış ediblər.
Simpozium türk xalqlarının ortaq mədəni irsi sayılan adlandırma ənənələrinin araşdırılması, bu sahədə çalışan alim və tədqiqatçıların bir araya gətirilməsi, eləcə də yeni elmi əməkdaşlıq əlaqələrinin qurulması məqsədi daşıyır.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Macarıstan, Hindistan, Albaniya, Bosniya və Hersoqovina, Şimali Makedoniya və digər ölkələrdən onomastika mütəxəssisləri iştirak ediblər.
Simpozium Ankarada təhsil alan azərbaycanlı tələbələrin musiqili proqramı ilə işə başlamışdır. Tədbirin sonunda Türk Dil Qurumunun sədri, professor Osman Mərtin də iştirak etdiyi yekun iclas keçirilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Tədbirin yüksək səviyyədə təşkili və səmimi mühiti Türk Dil Qurumu rəhbərliyinin Azərbaycana və Azərbaycan alimlərinə göstərdiyi xüsusi rəğbətin ifadəsi kimi yüksək qiymətləndirilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.