Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.12.2025 10:16
  • A-
  • A
  • A+

“Azərbaycan müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda respublika elmi konfransı işə başlayıb

“Azərbaycan müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda respublika elmi konfransı işə başlayıb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.

Konfransı giriş nitqi ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq Azərbaycanın XX yüzildə iki dəfə istiqlala nail olduğunu, özünün suveren dövlətini yaratmaq imkanını qazandığını bildirib. Qeyd edib ki, 1918-ci ilin 28 mayında Azərbaycan müstəqillik bayrağını ucaltdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1991-ci ildə ölkəmiz 70 il həsrətini çəkdiyi istiqlalına yenidən qovuşdu və 34 il əvvəlin oktyabrından başlayan müstəqillik yolumuz bu günədək davam edir.

2026-cı ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunduğunu söyləyən akademik Rafael Hüseynov Azərbaycanın üçrəngli bayrağının başımız üzərində ucalmasından, istiqlal içərisində olmağımız yolunda xalqımızın apardığı mübarizələrdən bəhs edib. O, 1957-ci ildə SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki vətənpərvər soydaşımızın üçrəngli bayrağımızı Qız Qalasının üzərində dalğalandırdığını söyləyərək, bu səbəbdən onların azadlıqlarını itirmələrindən və başlarına gələn bəlalardan danışıb. Bildirib ki, müstəqilliyə gedən yol daim mübarizələrlə davam edib. Bayrağımız daha sonra 1989-cu ilin noyabrında Gəncədə qaldırılıb.

"Azərbaycanın böyük şansıdır ki, xalqımızın hadisələrə və cərəyan edən siyasi proseslərə müdrikcəsinə yanaşan Ümummilli Lider Heydər Əliyev kimi qüdrətli tarixi şəxsiyyəti var. Tarix XX əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Ulu Öndər siyasi uzaqgörənliyi ilə Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi çətin, mürəkkəb və çıxılmaz mərhələlərdən çıxara bildi, Azərbaycanı inamla irəliyə apardı, müstəqilliyi qoruyaraq inkişaf etdirdi", - deyə akademik Rafael Hüseynov əlavə edib.

Müstəqil dövlət olmağın ən ümdə şərtlərindən birinin müstəqil siyasət apara bilmək olduğunu vurğulayan akademik Rafael Hüseynov bu gün Ulu Öndərin siyasi kursunun onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyini söyləyib. Bildirib ki, uzun illər işğal altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə azad edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Diqqətə çatdırılıb ki, qədim və çoxəsrlik tarixə, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı çoxlu bayram və əlamətdar günlərə malikdir. Zəfər bayramı isə müasir Azərbaycan tarixinin ən şərəfli, şanlı tarixlərindən biridir.

O, 2020-ci il noyabrın 8-nin Azərbaycan tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri kimi yazıldığını deyərək qeyd edib ki, tarixi qələbəmiz xalqımıza vüqar hissini, qürur hissini qaytarıb, millətimizin adını bütün dünyada yüksəklərə ucaldıb. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın qlobal arenada mövqeyi daha da möhkəmlənib, eyni zamanda, ölkə başçımız beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur.

Akademik Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin Ədəbiyyat Muzeyinə hər zaman böyük rəğbət bəslədiyini və ona xüsusi diqqətlə yanaşdığını bildirib. O, ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı təmir edilərək yenidən qurulduğunu vurğulayıb.

Müstəqilliyimizə həsr olunan tədbirin Ədəbiyyat Muzeyində keçirilməsinin rəmzi məna daşıdığını söyləyən alim Azərbaycan müstəqil dövlətinin başlanğıc nöqtəsinin məhz bu məkan olduğunu vurğulayıb. Qeyd edib ki, 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları Ədəbiyyat Muzeyində keçirilib, həmçinin ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz o zamanlar “Metropol” mehmanxanası kimi fəaliyyət göstərən bu tarixi binada qəbul olunub.

Direktor muzeydə klassiklərimizin miniatürlü əlyazma divanları, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzar daşı kimi çoxsaylı qiymətli eksponatların qorunduğunu bildirib.

Çıxışının sonunda akademik Rafael Hüseynov yaxın günlərdə Prezident İlham Əliyevin ad gününün olacağını xatırladıb, Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayıb. O, muzeyin kollektivi və konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubunun mətnini səsləndirib.

Respublika konfransının fəxri qonağı qismində dəvət olunmuş hüquq elmləri doktoru Simran Həsənov çıxış edərək tarixi dövrü təhlil edib.

Daha sonra muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu İstiqlaliyyət dövründə “Fövqəladə Təhqiqat Komissiyası və onun fəaliyyətində Məhəmməd xan Təkinskinin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, digər struktur orqanlardan fərqli olaraq Fövqəladə Təhqiqat Komissiyası qanunauyğun səbəblərdən çox, tarixi zərurətdən doğmuşdu. Belə ki, 1918-ci qanlı sənəsində erməni qaniçənlərinin Azərbaycanın dörd bir bucağında törətdikləri saysız insan qırğını və qarətlərinin miqyası qarşısı alına bilməyəcək həddə gəlib çatırdı. Həmin ərəfədə Milli Hökumətin qərarı ilə yaradılmış FTK və onun üzvləri şahid müsahibələri və fotoşəkillər vasitəsilə erməni qəddarlığının törətdiyi soyqırımı dünya arenasına çıxarmağa çalışırdılar.

Respublika elmi konfransı bölmə iclasları ilə işini davam etdirib.

Tədbir “Azərbaycan istiqlal mübarizəsi tarixi və ədəbiyyatımız”, “Nizami Muzeyində Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabinetinin fəaliyyəti və şəxsiyyətləri”, “Nizami muzeyinin binasında Azərbaycan Cümhuriyyətinin Xüsusi Təhqiqat Komissiyasının fəaliyyəti” və digər Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran mövzulara həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: