AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun rəhbərliyi ilə bir qrup alim - A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçiləri - tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli, t.ü.f.d., dosent Şamil Rəhmanzadə və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehri Xanbabayeva Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində elmi ezamiyyətdə olub.
Alimlər Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ağdam Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov və Ağdam Mədəniyyət Mərkəzinin direktoru Zaur Həsənovla görüşüblər.
Görüşdə layihə rəhbəri Pərviz Qasımov bildirib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra ərazidə arxeoloji tədqiqatlar aparılıb. Arxeologiya və Antropologiya İnstitutunun müasir elmin tələblərinə uyğun apardığı tədqiqatlar tarixi kompleksdə işğalçılar tərəfindən törədilmiş çoxsaylı vandalizm aktlarını üzə çıxarıb. Eyni zamanda Qarabağ xanlığı və xanlarının şəcərə tarixinin öyrənilməsi üçün biofaktlar toplanıb və müasir antropoloji və genetik tədqiqatlara cəlb edilib. Abidələr kompleksi ərazisində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 fevral 2025-ci il tarixli 494 nömrəli Sərəncamına əsasən “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. “Hal-hazırda İmarət Kompleksinin tədqiqatlarının ikinci mərhələsi başlanmışdır. Dövlətçiliyimizin tarixi atributlarından biri olan İmarət Kompleksinin tarixi və arxiv məlumatlara əsasən tədqiqat mərhələsinə cəlb olunan mütəxəssislərimiz abidə ilə əyani tanış olmaq üçün Ağdama, İmarət Kompleksinə gəlmişlər”.
Daha sonra “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin əməkdaşı Aynurə Cəfərovanın müşayəti ilə tədqiqatçı alimlər İmarət Kompleksi ilə tanış olublar. Tanışlıq çərçivəsində P.Qasımov ərazidə aparılmış arxeoloji və antropoloji tədqiqatlar və bu tədqiqatların nəticələri barədə görüş iştirakçılarına geniş məlumat verib.
Elmi səfərin sonunda heyət “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin direktor səlahiyyətlərini icra edən Ülvi Qədirovla fikir mübadiləsi aparıblar. Ü.Qədirova Kompleks ərazisində aparılmış arxeoloji tədqiqatları əks etdirən elektron təqdimat və dron vasitəsilə çəkilmiş videofayllar təqdim edilib.
Qeyd edək ki, ezamiyyət müddətində ərazidə foto çəkilişlər aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.