Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.12.2025 13:10
  • A-
  • A
  • A+

AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşları Şəki Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak ediblər

AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşları Şəki Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak ediblər

AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, şöbənin baş mütəxəssisləri Aynur Günəşli və Aygün Mirzəyeva, aparıcı mütəxəssisi Pərvin Məmmədova Şəki Regional Elmi Mərkəzində olub və Mərkəzin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat iclasında iştirak ediblər.

İclası Şəki Regional Elmi Mərkəzinin direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq qonaqları salamlayıb, Mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verib. O, Şəki Regional Elmi Mərkəzinin son illərdə həyata keçirdiyi mühüm tədqiqatlar və layihələr barədə danışaraq Mərkəzin regionda elmi inkişafın təşviqindəki rolunu vurğulayıb.

Sonra Şəki Regional Elmi Mərkəzinin elmi katibi Vəfa Atayeva Mərkəzin 2025-ci il üçün illik hesabatını təqdim edib. Hesabatda elmi nəticələr, Mərkəzin həyata keçirdiyi tədqiqatlar, həmçinin elmi-kütləvi tədbirlər barədə geniş məlumatlar yer alıb.  

Daha sonra Şəki Regional Elmi Mərkəzinin 9 elmi-tədqiqat şöbəsinin rəhbərləri ilə əldə olunan elmi nəticələrin geniş müzakirəsi aparılıb. Hər bir şöbə rəhbəri öz sahəsi üzrə əldə edilən elmi nəticələri təqdim edərək, tədqiqatların gedişatını, qarşıya çıxan çətinlikləri və gələcəkdə izlənəcək inkişaf istiqamətlərini ətraflı şəkildə izah edib.

İclasda AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb. Son illər Akademiyada həyata keçirilən islahatlar barədə geniş məlumat verən Sərxan Xavəri hesabatın yüksək səviyyədə keçdiyini bildirib və Şəki Regional Elmi Mərkəzinin fəaliyyətini qiymətləndirərək, bu qurumun elmi tədqiqatlarının multidissiplinar yanaşma ilə aparıldığını və müxtəlif elm sahələrini əhatə etdiyini vurğulayıb. Sərxan Xavəri qeyd edib ki, Şəki Regional Elmi Mərkəzində bölgənin tarixi, arxeologiyası, genezisi, milli-mənəvi dəyərləri, ekologiyası, landşaftı, iqtisadiyyatı və digər sahələr üzrə aparılan əhəmiyyətli elmi tədqiqatlar diqqətəlayiqdir.

Sonda Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən nəşr olunan, Mərkəzin son illərdəki tədqiqatlarının nəticələrini və elmi inkişafını əks etdirən, həmçinin elmin müxtəlif sahələrindəki mühüm mövzulara dair ətraflı məlumatlar verən kitablar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: