Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2025 15:58
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2025-ci ilin yekunlarına həsr olunmuş Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2025-ci ilin yekunlarına həsr olunmuş Ümumi yığıncağı keçirilib

Tədbirdə Humanitar Elmlər Bölməsinin (HEB) üzvləri, elmi müəssisələrin direktorları, icraçı direktorları, elmi katibləri, mühüm nəticələrin icraçıları iştirak edib.

İclasdan öncə HEB-in elmi müəssisələri tərəfindən 2025-ci ildə nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.

Ümumi yığıncağı giriş sözü ilə HEB-in Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlərlə iştirakçıları tanış edib. İclasda Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin “2025-ci il üzrə illik hesabatların AMEA-nın elmi bölmələrində müzakirəsinin təşkili haqqında” 28 noyabr 2025-ci il tarixli sərəncamının icrası ilə əlaqədar HEB-in elmi tədqiqat müəssisələrinin hesabatı dinlənilib.

Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru dosent Aynur Hacıqədirli çıxış edərək təmsil etdikləri elmi müəssisənin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti, əldə olunan mühüm nəticələri, statistik göstəriciləri barədə geniş məlumat təqdim ediblər.

Qeyd olunub ki, 2025-ci il Humanitar Elmlər Bölməsi üçün olduqca uğurlu hadisələr, faydalı işlərlə zəngin olub. Elmi müəssisələrin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının icrasını, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti və ölkənin digər hökumət təşkilatları tərəfindən verilən tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci ilin “Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar martın 4-də Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan incəsənətində Konstitusiya və Suverenlik mövzusu” adlı respublika konfransı keçirilib. Mayın 26-da Folklor İnstitutunda “Milli dövlətçilik və folklor” mövzusunda respublika konfransı keçirilib, materialları nəşr olunub (Bakı, 2025, 480  s.). Oktyabrın 20-də Nəsimi adına Dilçilik İnstitutunda “Konstitusiya və Suverenlik”, noyabrın 27-də isə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan dövlətçiliyi klassik qaynaqlarda” adlı tədbirlər keçirilib.

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar  sentyabrın 14-də AMEA-nın Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin birgə təşkilatçılığı ilə “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib. Tədbir çərçivəsində dahi bəstəkarın həyatı və yaradıcılığını əks etdirən sərgi təşkil edilib. Mayın 2-də Nəsimi adına Dilçilik İnstitutunda “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə” mövzusunda elmi sessiya keçirilib. Sentyabrın 23-də Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü münasibətilə tədbir keçirilmiş, sərgi təşkil edilib. institutda “Üzeyir Hacıbəyli – 140” adlı elektron məlumat bazası yaradılıb. Sentyabrın 25-26-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AMEA-nın Folklor İnstitutu, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” adlı beynəlxalq simpozium keçirilib. Sentyabrın 30-da Memarlıq və İncəsənət İnstitutunda “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti” adlı respublika elmi konfransı keçirilib. İnstitutun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli. Həyatı və yaradıcılıq yolu” (ingilis dilində, Bakı, 2025, 112 s.), “Azərbaycan musiqisinin ağsaqqalı Üzeyir Hacıbəyli” (Bakı, 2025, 304 s.) kitabları nəşr olunub.

Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar martın 11-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyatımızın Bəxtiyarı” adlı elmi sessiya keçirilib. Humanitar Elmlər Bölməsinin aprelin 7-də keçirilən Elmi şurasının iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın “Bəxtiyar Vahabzadənin ictima-fəlsəfi görüşləri” adlı elmi məruzəsi dinlənilib. Mayın 17-19-da Azərbaycan Milli Elmlər Akademiyası və Mahmud Kaşğari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə Şəki şəhərində Bəxtiyar Vahabzadənin anadan olmasının  100 illiyinə həsr olunmuş konfransda ədəbiyyatşünas alimlər məruzələrlə çıxış ediblər. IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə mayın 29-da “Bəxtiyar Vahabzadə – 100” paneli təşkil olunub, məruzələr dinlənilib (moderator filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı). İyunun 19-21-də AMEA, Mahmud Kaşğari adına Beynəlxalq Fond, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, ADPU-nun Şəki filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu və Bəxtiyar Vahabzadənin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Şəki şəhərində keçirilən VII Beynəlxalq “Bəxtiyar Vahabzadə – Türk dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat (Bəxtiyar Vahabzadə: vətənpərvərlik və millilik)” konfransında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 10 əməkdaşı elmi məruzə ilə çıxış ediblər. İyunun 26-da institutun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd Naxçıvan Dövlət Universitetində təhsil alan doktorant və dissertantlara “Bəxtiyar Vahabzadə dramaturgiyasında milli kimlik və istiqlal” mövzusunda ustad dərsi keçib. Ədəbiyyatşünas alimlər tərəfindən “Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri” (tərtib edəni Aygün Bağırlı. Bakı, 2025, 480  s.) və “Bəxtiyar Vahabzadə – 100. Məqalələr toplusu” (tərtib edəni Qiymət Məhərrəmli. Bakı, 2025, 180 s.) nəşr olunub. Mayın 30-da Nəsimi adına Dilçilik İnstitutunda “Bəxtiyar Vahabzadə poeziyasında ana dili sevgisi” mövzusunda elmi sessiya, oktyabrın 24-də Folklor İnstitutunda “Bəxtiyar Vahabzadənin yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Bəxtiyar Vahabzadə – 100” elektron məlumat bazası yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamına əsasən noyabrın 3-də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, saflığının təmin edilməsi və inkişafı ilə bağlı alimlərin qarşısına mühüm vəzifələr qoyub. Ölkə başçısının tapşırıqlarının icrası və dilimizin saflığının qorunması məqsədilə noyabrın 7-də AMEA-nın Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaq keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə AMEA Rəyasət Heyətində dekabrın 18-də “Azərbaycan və türk ölkələri sənətşünaslıq elminin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Aprelin 4-də AMEA Muzeyinin rəsmi açılışı ilə bağlı sənətşünas alimlərin xüsusi dəstəyi ilə AMEA əməkdaşlarının 28-ci rəsm sərgisi təşkil edilib. Aprelin 7-də Folklor İnstitutunda “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən AMEA-ya uzanan yolun yolçuları – Azərbaycan folklorşünasları” mövzusunda elmi sessiya və Memarlıq və İncəsənət İnstitutunda elmi seminar, aprelin 8-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dünəni, bugünü və sabahı” mövzusunda elmi sessiya və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Qobustanın daş kitabələrindən başlanan əlyazmaşünaslığımızın son 80 ili” mövzusunda tədbir, aprelin 9-da Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilçiliyinin tarixi” adlı elmi sessiya keçirilib. IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində mayın 29-da AMEA-nın elmi bölmələri tərəfindən “AMEA – 80” paneli təşkil olunub, elmi məruzələr dinlənilib (moderator filologiya elmləri doktoru Eşqanə Babayeva) .

Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində mayın 25-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Seyid Əzim Şirvani – 190” mövzusunda panel təşkil edilib, məruzələr dinlənilib (moderator filologiya elmləri doktoru, dosent Mətanət Vahid). Oktyabrın 27-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA, Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərində Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş tədbir təşkil edilmiş tədbirdə ədəbiyyatşünas alimlər məruzələrlə çıxış ediblər.İyunun 25-də Folklor İnstitutunda “Seyid Əzim Şirvaninin folklorik düşüncəsi və klassik bədii interpretasiya” adlı elmi sessiya keçirilib, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Seyid Əzim Şirvani – 190” elektron məlumat bazası yaradılaraq istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində mayın 30-da Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutu tərəfindən “Milli Mətbuat – 100” paneli təşkil edilib (moderator filologiya elmləri doktoru, professor Vüqar Əhməd). “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” (Gülbəniz Babayeva. Bakı, 2025, 512 s.), “Milli-ədəbi mühit: Azərbaycanda və tarixi coğrafiyada” (Vüqar Əhməd. Bakı, 2025, 280 s.) kitabları nəşr olunub.İyulin 22-də Folklor İnstitutunda “Milli yaddaş və mətbuat: şifahi sözdən ictimai konseptə” mövzusunda elmi sessiya keçirilib, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “150 illik Azərbaycan mətbuatı: 2015-2025-ci illər” adlı biblioqrafik informasiya kitabının elektron variantı oxucuların ixtiyarına verilib (tərtibçi Qutiyera Cəfərova).İnstitutun əməkdaşı Əzizə Ələkbərlinin “Əkinçi” qəzetinin 150 illiyinə ithaf etdiyi, əsərləri ərəb əlifbasından transfoneliterasiya edərək tərtib edib nəşrə hazırladığı “Əkinçi”lər” kitabı nəşr olunub (Bakı, 2025, 190 s.).

Azərbaycan Respublikası Prezidentinin “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında” 8 may 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında mayın 26-da Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutu tərəfindən “Fikrət Qoca – 90” paneli təşkil edilib (moderator filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva). Ədəbiyyatşünas alimlər avqustun 22-də Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi tədbirdə Fikrət Qocanın yaradıcılığı haqqında elmi məruzələrlə çıxış ediblər.

Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Rəyasət Heyətində Tədbirlər Planı təsdiq edilib. 3 blokdan ibarət tədbirlər planına əsasən AMEA-nın elmi müəssisələri tərəfindən 20-yə yaxın tədbirin, 15-dən çox elmi əsərin nəşri və mövzu ilə bağlı sərgilərin təşkili nəzərdə tutulub.

Məlum olduğu kimi, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Bu münasibətlə noyabrın 25-də AMEA-nın Humanitar Elmlər Bölməsi və Folklor İnsitutunun birgə təşkiltçılığı ilə “Laçın: mədəni yaddaşın folklordan görünən izləri” adlı elmi sessiya keçirilib. “Salman Mümtaz. Aşıq Abdulla” (tərtib edəni Afaq Ramazanova və Rza Xəlilov. Bakı, 2025, 112 s.) və “Laçın folkloru” (İlham Qəhrəmanov. Bakı, 2025, 344 s.) kitabları nəşr olunub. İnstitutun Folklor studiyası tərəfindən “Ay Laçın: dağıntılardan dirçəlişə”, “Qırx dörd günün Zəfər dastanı” sənədli filmləri çəkilib.

Qarabağ və Şərqi Zəngəzurla bağlı Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin təşkilatçılığı ilə oktyabrın 24-də “Qarabağ toponimlərinin leksik-semantik xüsusiyyətləri” mövzusunda elmi sessiya keçirilib. “Qarabağ və Şərqi Zəngəzur toponimlərinin izahlı lüğəti” hazırlanaraq çapa təqdim edilib (tərtibçi Elçin İsmayılov. 400 s.).IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində mayın 28-də Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə Xurşidbanu Natəvanın “Gül dəftəri” adlı albom-kitabının təqdimatı keçirilib (tərtib edəni Nigar Babaxanova. Bakı, 2024, 208 s.). 01-07 oktyabr tarixlərində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlara” adlı tədbirdə AMEA əməkdaşlarının Zəngəzur və Qarabağla bağlı 56 kitabı nümayiş olunub.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XIX əsr Qarabağın qadın şairələri” (tərtib edib çapa hazırlayanı Təranə Abdullayeva. Bakı, 2025, 280 s.), “Givinin Qarabağnaməsi” Məhərrəmlilərin söz yükündə” (Qiymət və Zemfira Məhərrəmli. Bakı, 2025, 140 s.), “Qarabağ şeirimizdə, nəsrimizdə” (Vaqif Yusifli. Bakı, 2025, 240 s.), Folklor İnstitutunda “Zəngəzur folkloru: poetik sözdən sosial məzmuna” məqalələr toplusu (Bakı, 2025, 228 s.), “Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri” (Vüsalə Nəsibova. Bakı, 2025), Memarlıq və İncəsənət İnstitutunda “Qarabağda mədəni mühitin yaradılması yolları” (Rahibə Əliyeva. Bakı, 2025, 119 s.), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Mirzə Xosrov Şaiq Axundzadə. XIX əsrdə Şuşada yaşayıb yaratmış şair və yazıçıların yaşadıqları tarixi yerlər” (tərtibçilər Aysel Acalova, Gülər Əmirəhmədova. Bakı, 2025, 225  s.), “Qasım bəy Zakir. Əsərləri” (yeni əlavələr, düzəlişlər və geniş önsözlə tərtib edib nəşrə hazırlayanı Raqub Kərimov. Bakı, 2025, 648 s.), “Baba bəy Şakir. Əsərləri”  (yeni əlavələr, düzəlişlər və geniş önsözlə tərtib edib nəşrə hazırlayanı Raqub Kərimov. Bakı, 2025,  96 s.). kitabları nəşr olunub.

Qərbi Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, toponimləri və folklorunun öyrənilməsi istiqamətində dekabrın 17-də AMEA-nın Folklor İnstitutu, Azərbaycan Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransı keçirilib. Folklor İnstitutunun əməkdaşları il boyu respublikamızın müxtəlif bölgələrində məskunlaşmış qərbi azərbaycanlılardan 1000 səhifəyə yaxın şifahi xalq ədəbiyyat nümunəsi toplamış, bu materiallar əsasında iki kitab hazırlanıb: Qərbi Azərbaycan folkloru, V cild (tərtib edəni İlkin Rüstəmzadə. Bakı, 2025), Qərbi Azərbaycan folkloru. VI cild (tərtib edəni Atəş Əhmədli. Bakı, 2025).2025-ci il ərzində folklorşünas alimlər tərəfindən “Yurdum-yuvam – Ağbabam” (Tacir Qurbanov. Bakı, 2025), “Şirəkli Həsən” (tərtib edəni Tacir Qurbanov. Bakı, 2025), “Aşıq İsgəndər Ağbabalı” (tərtibçi Tacir Qurbanov. Bakı, 2025) “Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” (tərtib edəni Tacir Qurbanov, toplayanı Abbas Bağırov. Bakı, 2025), “Aşıq Alı. Nə qaldı” (tərtib edəni  İlham Qəhrəman. Bakı, 2025), “Aşıq Sümmaninin ömür və sənət yolu” (Avtandil Ağbaba. Bakı, 2025) kitabları nəşr olunub. Həmçinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” (layihənin rəhbəri Məhərrəm Qasımlı. Bakı, 2025, 312 s.) kitabı nəşr olunub.Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin əməkdaşları tərəfindən “Qərbi Azərbaycan toponimlərinin izahlı lüğəti” 4 cilddə nəşrə hazırlanır. Lüğətin birinci cildi nəşr olunub (tərtib edəni Elçin İsmayılov. Bakı, 2025, 370 s.).

Azərbaycan-İraq-Türkman ədəbi-mədəni əlaqələrində dair mayın 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İraqda yaşayan tədqiqatçı, şair, tərcüməçi, professor Faruk Faiq Köprülü ilə görüş keçirilib.  Ədəbiyyatşünas alimlər “Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu” (Qəzənfər Paşayev. Bakı, 2025, 264 s.) və “Kərküklü Növrəs Qədim. Həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri”  (Orxan İsayev. Bakı, 2025, 144 s.), “Kərkükün rüzgarı” (tərtib edəni Orxan İsayev. Bakı, 2025, 184 s.) kitablarını nəşr etdirib.IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində mayın 24-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “İraq-Kərkük ədəbiyyatı” paneli təşkil olunub (moderator filologiya elmləri doktoru Esmira Fuad). Nəsimi adına Dilçilik İnstitutunda “İraq Türkmaneli toponimlərinin izahlı lüğəti” (Elçin İsmayılov. Bakı, 2025, 144 s.), Folklor İnstitutunda “Arzu-Qəmbər” dastanı: Azərbaycan və İraq-Türkman variantlarının müqayisəli tipologiyası” (Afaq Ramazanova. Bakı, 2025, 170 s.), “Usta söyləyici repertuarı. III cild (İraq-türkman xoryatları)” (toplayıb tərtib edən və ön sözün müəllifi Ləman Vaqifqızı. Bakı,  2025, 378 s.) kitabları nəşr olunub.

2025-ci ildə HEB-in elmi müəssisələrində bir sıra struktur dəyişiklikləri aparılıb. AMEA-nın Folklor İnstitutunda Müasir folklor və Folklor nəzəriyyəsi şöbələrinin bazasında Folklor nəzəriyyəsi şöbəsi, Klassik folklor və Folklor və yazılı ədəbiyyat şöbələrinin bazasında Folklor və yazılı ədəbiyyat şöbəsi, Elektron xidmətlər və Nəşriyyat şöbələrinin bazasında Elektron xidmətlər və nəşriyyat şöbəsi və ayrıca olaraq İctimaiy-yətlə əlaqələr şöbələri, Mərasim folkloru şöbəsinin bazasında Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsi yaradılıb. Həmçinin, müasir dövrün tələblərinə cavab verən Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsinin yaradılması qərara alınıb.

Hesabat ilində AMEA Rəyasət Heyətinin qərarına əsasən, HEB-in elmi müəssisələrinin Elektron xidmətlər şöbələrinin fəaliyyət istiqamətləri genişləndirilərək, adları müvafiq rəqəmsal elm sahəsi, süni intellekt və elektron xidmətlər olmaqla yeni şöbələr yaradılıb.

HEB-in elmi tədqiqat müəssisələri tərəfindən 16 mühüm nəticə əldə edilib. Ədəbiyyatşünas alimlər dahi Nizami Gəncəvinin ədəbi irsində türk motivləri və ənənələri mövzusunda geniş araşdırma aparıb. Tədqiqatda türk folklorunun – dastanların, əfsanələrin, rəvayətlərin dahi Nizami poemalarında təzahürü və qarşılıqlı təsirləri, həmçinin mütəfəkkirin yaradıcılığının türk ədəbi-bədii və tənqidi düşüncəsində mənimsənilməsi məsələləri öyrənilib. Mühüm nəticələ “Nizami Gəncəvi və türk ədəbiyyatı” (Nüşabə Araslı. Bakı, 2025, 468 s.) adlı nəşrdə öz əksini tapıb. XX əsr Azərbaycan ədəbiyyatının inkişaf yolu, mərhələləri, problemləri, şəxsiyyətləri və onların yaradıcılığı haqqında genişmiqyaslı elmi tədqiqat iş yerinə yetirilib. Əsas nəticələr “XX əsr Azərbaycan ədəbiyyatı tarixi: icmallar, təhlillər, portretlər” adlı üçcildlik monoqrafiya – dərslikdə işıqlandırılıb (Bədirxan Əhmədov. Bakı, 2025, I cild 554 s., II cild  506 s., III cild – 584 s.). Azərbaycan–İraq–türkman ədəbi əlaqələrinin tarixi və müasir inkişaf yollarına həsr olunmuş tədqiqatda isə əsrlərlə bir-birindən ayrı düşmüş Azərbaycan türkləri ilə İraq türkmanları arasında ötən əsrin 1960-cı illərindən etibarən yenidən yaranan ədəbi-mədəni münasibətlərin mahiyyəti araşdırılıb. “Azərbaycan–İraq–türkman ədəbi əlaqələri: ayrılığın sonu” (Qəzənfər Paşayev. Bakı, 2025, 434 s.) adlı əsər müəllifin şahidi və iştirakçısı olduğu hadisələr əsasında hazırlanıb.

Dilçi alimlər Moskva Şərqşünaslıq institutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları haqqında araşdırma aparıblar. Nəticədə “Moskva Şərqşünaslıq institutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları” (Nadir Məmmmədli. Bakı, 2025, 294 s.) kitabı nəşr olunub. Azərbaycan dilinin Naxçıvan şivələrində işlənən isim, sifət, say, əvəzlik və zərflər – adlar mövzusu tədqiqata cəlb olunub. “Azərbaycan dilinin Naxçıvan şivələrində adlar” (Kübra Quliyeva. Bakı, 2025, 184 s.) monoqrafiyası Azərbaycan dilinin dialekt və şivələrinin öyrənilməsində qiymətli mənbədir. XIII-XVI əsrlərdə türk dillərində elmi üslubun formalaşma tarixi, inkişafı, zəngin dil xüsusiyyətləri, söz yaradıcılığı prosesinin spesifik cəhətləri müqayisəli şəkildə dövrün elmi əsərləri əsasında kompleks şəkildə tədqiq olunub. Tədqiqatın əsasları “XIII-XVI əsrlər türk dillərində elmi üslub” (Şəbnəm Həsənli-Qəribova. Bakı, 2025, 480 s.) adlı monoqrafiyada yer alıb.

Mətnşünas və mənbəşünas alimlər tərəfindən Nizami əlyazmaları arasında qədimliyi ilə seçilən və paleoqrafik xüsusiyyətlərinə görə XV əsrə aid edilən M-325 şifrəli əlyazma nüsxəsi (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır) ilə akademik Əbdülkərim Əlizadənin 1960-cı ildə tərtib etdiyi “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətni müqayisəli şəkildə təhlil olunub. Əldə edilən mühüm yeniliklər “Nizami Gəncəvi. Sirlər xəzinəsi (Məxzənül-əsrar): elmi-tənqidi mətn” (İdeya müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru və ön sözün müəllifi akademik Teymur Kərimli. Bakı, 2025, 160 s.) kitabında əks olunub. Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakirin ədəbi irsi araşdırmaya cəlb olunub. “Qasım bəy Zakir. Əsərləri” kitabını Zakir irsinin tam külliyyatı hesab etmək olar (yeni əlavələr, düzəlişlər və ön sözlə tərtib edib nəşrə hazırlayan Raqub Kərimov, elmi redaktoru akademik Teymur Kərimli. Bakı, 2025, 648 s.).Tənzimat dövrünün tanınmış türk müəllifi, dilçi-alim Şəmsəddin Saminin (1850-1904) “Qamusul-elam" lüğətində qeyd edilən təbrizli müəlliflər haqqında araşdırma aparılıb. “Şəmsəddin Saminin "Qamusul-elam" əsərində təbrizli müəlliflər” (Rəna İsgəndərli. Bakı, 2025, 76 s.) kitabı Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələlərinin öyrənilməsində mühüm mənbə hesab edilə bilər.

Folklorşünas alimlər “Dədə Qorqud” eposu: Salur Qazanın Təpəgözü öldürməsi” mövzusunu araşdırıb. Tədqiqat işində 2019-cu ildə tapılmış “Kitabi-Türkman lisani” oğuznaməsinin janr poetikası, real zamanla (söyləyici zamanı) epik zaman (qəhrəmanlıq dövrü) arasındakı trans-mediativ əlaqə sisteminin mühüm halqasını təşkil edən “Gaib dünya” obrazı və Salur Qazanın əjdahanı öldürməsindən bəhs edən mətn əsasında “xan olmaq” motivinin ritual-mifoloji semantikası öyrənilib. Mühüm nəticə “Dədə Qorqud” eposu: Salur Qazanın Təpəgözü öldürməsi” (Seyfəddin Rzasoy. Bakı, 2025, 276 s.) adlı monoqrafiyada əks olunub. Türk xalqlarının mərasim folkloru mövzusunda elmi iş yerinə yetirilmişdir. Qeyd olunub ki, arxaik ritual və mərasim, mövsüm mərasimləri və bayram, mərasim və epos münasibətləri kontekstində aparılmış tədqiqatda əldə edilən qənaətlərə görə türk xalqlarının mərasim folkloru ibtidai mədəniyyət dövrünün arxaik rituallarından qaynaqlanır və bu arxaik ritualların rudimentlərini və bağlı olduğu əski inancları sakral semantikalı davranış stereotipləri kimi özündə yaşadır. Əldə edilən mühüm nəticə “Türk xalqlarının mərasim folkloru” (Ağaverdi Xəlilov. Bakı, 2025, 304 s.) adlı kitabda yer alıb.

Sənətşünas alimlər tərəfindən dünya şöhrətli dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə həyatı və yaradıcılıq yoluna həsr olunmuş monoqrafiya hazırlanıb. İngilis dilində nəşr olunan “Üzeyir Hacıbəyli. Həyatı və yaradıcılıq yolu” (Zemfira Səfərova. Bakı, 2025, 112 s.) monoqrafiyası bəstəkarın mədəniyyət lideri kimi bədii obrazını təqdim edən sanballı tədqiqat əsəridir. Azərbaycan və digər türkdilli xalqların musiqi mədəniyyəti arasındakı qarşılıqlı əlaqələr sistemli şəkildə araşdırılaraq musiqi türkologiyasının elmi-nəzəri və metodoloji əsasları işlənib hazırlanıb. Bu tədqiqatlar nəticəsində müəyyən olunub ki, musiqi türkologiyası Azərbaycan humanitar elminin aparıcı istiqamətlərindən biri kimi təkcə musiqişünaslıq çərçivəsi ilə məhdudlaşmır, həm də dilçilik, etnoqrafiya, tarix, folklorşünaslıq və mədəniyyət sahələri ilə sıx bağlı olan geniş fənlərarası araşdırma istiqamətidir. “Musiqi türkologiyasının metodoloji əsasları” (Rəna Məmmədova. Bakı, 2025, 256 s., rus dilində) kitabında musiqi türkologiyasının əsası qoyulmuş və türk dünyasının universal dəyərləri elmi şəkildə əsaslandırılmışdır. İncəsənət və psixologiyanın kəsişmə nöqtəsində formalaşan, müasir elmi diskursda aktuallığı sürətlə artan incəsənət terapiyasına həsr olunmuş kompleks araşdırma aparılıb. Mühüm nəticə “İncəsənət terapiyası” (Ramil Quliyev. Bakı, 2025, 256 s.) adlı monoqrafiyada yer almışdır.Azərbaycanda ilk dəfə olaraq abstrakt istiqamət kontekstində müasir incəsənətin yeni nəzəri konsepsiyası irəli sürülüb. Əldə olunan yeniliklər “İncəsənətdə abstrakt istiqamət” adlı monoqrafiyada işıqlandırılıb (Elçin Əliyev. Bakı, 2025, 168 s., rus dilində).

HEB-in elmi müəssisələrində 6 istiqamət üzrə 34 problem, 72 mövzu, 483 iş üzrə elmi tədqiqat işləri aparılıb. 35 mövzu üzrə 319 iş tam icra olunub.

Humanitar yönümlü elmi təddiqat müəssisələrinin alimləri 180 kitab (2-si xaricdə), 95 monoqrafiya (15 xaricdə), 2054 məqalə (289-u xaricdə) və 136 tezis (19-u xaricdə) nəşr etdiriblər. Web of Science və Scopus bazalarında əməkdaşların 11 məqaləsi (Ədəbiyyat İnstitutu 3, Nəsimi adına Dilçilik İnstitutu 1, Əlyazmalar İnstitutu – 4, Folklor İnstitutu 2, Memarlıq və İncəsənət İnstitutu – 1)  işıq üzü görüb.

HEB-in elmi müəssisələrində 80 fəlsəfə doktoru və 35 elmlər doktoru hazırlığı üzrə təhsil həyata keçirilib. 35 fəlsəfə, 12 elmlər doktoru hazırlığı üzrə dissertasiya işi müdafiə edilib.

Humanitar yönümlü elmi müəssisələrin hesabatlarının qiymətləndirlməsi üçün AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru Qəzərfər Paşayev və filologiya elmləri doktoru Bədirxan Əhmədov çıxış ediblər. Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin 2025-ci ildəki elmi fəaliyyəti yüksək səviyyədə qiymətləndirilərək bölmə üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə baxılıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru professor İsmayıl Məmmədli Tətbiqi dilçilik, filologiya elmləri doktoru professor İlhami Cəfərov Qədim dillər və mədəniyyətlər, filologiya elmləri doktoru professor Sayalı Sadıqova Terminologiya, filologiya elmləri doktoru dosent Lalə Qurbanova Hind-Avropa dilləri və filologiya elmləri doktoru  dosent Mayıl Əsgərov Sosiolinqvistika və psixolinqvistika şöbələrinin müdiri vəzifələrinə təyin ediliblər.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov Azərbaycan diliçilik elminin inkişafındakı səmərəli fəaliyyətinə və anadan olmasının 70 illiyi münasibətilə AMEA-nın Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif edilib.

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağında akademik Əbdülvahab Salamzadənin 100, akademik Səməd Vurğun Vəkilovun 120,  AMEA-nın müxbir üzü Böyükağa Hüseynovun 100 və AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 90 illik yubileyləri ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Ümumi yığıncağın sonunda HEB-in elmi şurasının sədri, akademik Teymur Kərimli qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibətilə iclas iştirakçılarını təbrik edib, xoş arzu və diləklərini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: