Türkiyənin paytaxtı Ankara şəhərində İLESAM-ın əsas təşkilatçılığı ilə “Türk dünyası elm və ədəbiyyat simpoziumu” keçirilib.
Simpoziuma Türkiyənin ayrı-ayrı qurumlarının rəhbərləri, müxtəlif universitetlərinin elm adamları, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova (Qaqauz eli), Bosniya və Hersoqovinadan olan alim və mütəxəssislər qatılıb. 24-25 dekabr tarixlərində Türkiyənin Milli kitabxanasında baş tutan simpoziumda beş paneldə ümumilikdə otuzdan artıq məruzə dinlənilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli simpoziumun Türk dünyasında akademik iş birliyi ilə bağlı keçirilən panelində məruzə edib. Mehman Həsənli məruzəsində Türk dünyasının tarixi və müasir əsaslarının formalaşmasında ədəbiyyat faktorunun önəmindən bəhs edib. 2026-cı ildə yüz illiyini qeyd edəcəyimiz I Türkoloji qurultayın məhz Bakıda keçirilməsinin təsadüfi olmadığını, Azərbaycanın Türk dünyası üçün mühüm strateji əhəmiyyət daşıdığını qeyd edib.
Məruzədə Azərbaycanda ümumtürk ədəbiyyatı araşdırmalarının tarixi əsasları və müasir inkişaf tendensiyaları ilə bağlı fikirlər səsləndirilib. Bu istiqamətdə AMEA-da, onun Ədəbiyyat İnstitutunun şöbə və mərkəzlərində həyata keçirilən ortaq akademik layihələrdən bəhs olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.