Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.01.2026 10:14
  • A-
  • A
  • A+

Arxeoloq alim Özbəkistanda keçirilmiş beynəlxalq seminarda çıxış edib

Arxeoloq alim Özbəkistanda keçirilmiş beynəlxalq seminarda çıxış edib

13-14 yanvar 2026-cı il tarixlərində Buxara Dövlət Texniki Universitetinin təşkilatçılığı ilə “Xarici dillərin tədrisi metodologiyasının inkişafında müasir tendensiyalar: yerli yanaşmalar və xarici təcrübəyə əsaslanan həllər” mövzusunda beynəlxalq onlayn qış məktəbi seminar-treninq keçirilib.

Universitetin dosenti Nasiba İbodovanın moderatorluğu ilə baş tutan konfransda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Monqolustan və digər ölkələrdən tədqiqatçılar iştirak etmişlər. Konfransda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Azerbaijan-Uzbek Cultural Relations: View of history (Azərbaycan-Özbək mədəni əlaqələri: tarixə baxış)” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi çıxışında qeyd etmişdir ki, Azərbaycan ilə Özbəkistan tarixi, dini, mədəni əlaqələr baxımından bir-birinə yaxın ölkələrdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş ölkəyə son səfəri zamanı Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin qeyd etdiyi kimi: “...Hər iki ölkənin xalqları ənənəvi dostluq və yüksək etimada xüsusi qiymət verirlər. Bu münasibətlərin əsasını məhz ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Əhməd əl-Fərqaninin və Əl-Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir”.

Məruzədə qeyd edilib ki, son illərdə mədəni irs sahəsində elmi əlaqələrin nəticəsi kimi qarşılıqlı olaraq hər iki ölkənin alimləri Böyük İpək Yolu üzərində yerləşən ortaq tarixə malik xalqların maddi mədəniyyətini yenidən araşdırmalara cəlb etməyə çalışırlar. Bunun nəticəsi olaraq Orta əsrlər dövrü arxeoloji maddi mədəniyyət nümunələri müqayisəli təhlillər əsasında öyrənilmiş və çap olunmuşdur. Gələcəkdə mədəni irs sahəsində əməkdaşlığın davamlı olacağına da əminlik ifadə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: