AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin elmi işçisi Aygül Mirzəyevanın Moldovada yerləşən Qaqauziya Muxtar Vilayətinin yaradılmasının 30 illiyi münasibətilə Türkiyədə dərc olunan “Gagauz dili ve edebiyatı üzerine yazılar” (Qaqauz dili və ədəbiyyatına dair yazılar) adlı topluda məqaləsi işıq üzü görüb.
“Qaqauz dilinin etnoqrafik leksikası” adlı məqalədə göstərilir ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın tarixi yaddaşı və mədəni kimliyidir. Qaqauz dilində qorunub saxlanılan etnoqrafik leksika bu xalqın əsrlər boyu formalaşmış həyat tərzini, adət-ənənələrini və dünyagörüşünü özündə əks etdirir. Məqalədə məişət və mövsüm mərasimləri, geyim və yemək adları ilə bağlı leksika araşdırılır və həmin sözlərin linqvokulturoloji səciyyəsi göstərilir. Bildirilir ki, qaqauz etnoqrafik leksikasında slavyan, rumın və bolqar dillərinin təsiri də özünü göstərir. Bu təsir tarixən formalaşmış çoxmədəniyyətli mühitin dilə təsiri ilə əlaqədardır.
Topluda qaqauzların dili və ədəbiyyatı ilə bağlı ümumilikdə 15 elmi məqalə yer alır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.