Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.01.2026 11:34
  • A-
  • A
  • A+

Türkiyəli alimlər Azərbaycan xalqının qədim tarixi abidələri və maddi mədəniyyət nümunələri ilə tanış olublar

Türkiyəli alimlər Azərbaycan xalqının qədim tarixi abidələri və maddi mədəniyyət nümunələri ilə tanış olublar

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin dəvəti ilə Bakıya gəlmiş Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun (Türk Arkeoloji ve Kültürel Miras Enstitüsü, Gaziantep şəhəri) başqanı Prof. Dr. Şaban Doğan və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi, İqlim Fəaliyyəti Birliyinin üzvü, arxeoloq Burcu Bilir Azərbaycan xalqının qədim tarixi abidələri və maddi mədəni nümunələri ilə tanış olublar.

AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən tərtib edilmiş dəvət proqramı çərçivəsində Prof. Dr. Şaban Doğan və Burcu Bilir AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalını və Milli Azərbaycan Tarix Muzeyini ziyarət etdilər. Ziyarət əsnasında qonaqlar Azərbaycan Respublikası ərazisində aşkar edilmiş və sərgilənməkdə olan, müxtəlif tarixi dövrlərə aid nadir maddi mədəniyyət nümunələri ilə tanış olmuşlar.

Həmçinin, ziyarət proqramı çərçivəsində türkiyəli alimlər Qobustan Milli Tarix-Bədii Qoruğuna səfər etmişlər. Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqları qarşılayaraq onları Qoruğun tarixi barədə məlumtlandırmış, türkiyəli alimləri Qoruq ərazisində mühafizə olunan abidələrlə tanış etmişdir. Fikir mübadiləsi əsnasında Prof. Dr. Şaban Doğanın bildirdiyinə görə, Azərbaycan ərazisində aşkar edilən abidələr və maddi mədəniyyət nümunələri bəşəriyyətin tarixini əks etdirən dünya əhəmiyyətli nadir incilərdəndir.

Tərtib edilmiş dəvət proqramı çərçivəsində türkiyəli qonaqları AMEA Arxeologiya və Antropologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri t.ü.f.d. Valeh Ələkbərov müşayət etmişdir.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun əsas fəaliyyət istiqaməti - Türkiyədən kənarda, türk respublikalarında birgə arxeoloji tədqiqatların aparılması, ümumtürk tarixi üçün əlamətdar abidələrin tədqiqi və türk respublikalarındakı arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlığın qurulmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: