Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.01.2026 15:16
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı “Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyasında birinci mükafata layiq görülüb

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı “Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyasında birinci mükafata layiq görülüb

2013-cü ildən başlayaraq Azərbaycan Memarlar İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Memarlıq müsabiqələri keçirilir.

Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən sözügedən müsabiqə 5 ən yüksək reytinqə malik olan dünya memarlıq müsabiqələrinin sırasına daxil olmuşdur. 7 nominasiya üzrə keçirilən bu mötəbər müsabiqə iki ildən bir təşkil olunur. Müsabiqənin 5 nəfərdən ibarət olan münsiflər heyətindən 4-ü Beynəlxalq Memarlar İttifaqı tərəfindən tövsiyə olunan dünyaşöhrətli memarlardan ibarət  olur. Ötən dövrdə münsiflər heyətinin tərkibinə Mişel Barmaki (Livan), Vassilis Squtas (Yunanıstan), Tomas Vonier (ABŞ), Hayder Ali (Sudan), Patrik Kolombiye (Fransa), Esa Mohamed (Malayziya), Katerine Jakot (Fransa), Viti Nsalambi (Anqola), İn-Souk Ço (Cənubi Koreya), Viktor Leonel (Anqola), Jozef Kuan (Honkonq), Deniz İncedayı (Türkiyə), Kevin Bingham (Cənubi Afrika), Divya Kush (Hindistan), Giuseppe Cappochin (İtaliya), Léo Orellana (Çili) kimi tanınmış memarlar daxil olmuşlar. Ümumiyyətlə 2013-2023-cü illər ərzində müsabiqədə dünyanın 53 ölkəsindən olan memarlar 1200-dən çox layihə ilə iştirak etmişlər. İndiyədək keçirilən 6 müsabiqədə Portuqaliya, Fransa, ABŞ, Sloveniya, Gürcüstan, Yaponiya, Rusiya, Mərakeş, Xorvatiya, İtaliya, Banqladeş, İspaniya, Ukrayna, Almaniya, Vyetnam, Sinqapur, Qırğızıstan, Yunanıstan, Malayziya, Cənubi Afrika, Misir, Çin, İran, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Rumıniya, Polşa, Hindistan, Braziliya və Azərbaycandan olan memarlar qalib gəlmişlər.

Müsabiqədə iştirak etmək istəyənlərin sayı ildən-ilə artır. Müsabiqəyə daxil olan layihələrin coğrafiyası dünyanın bütün qitələrində getdikcə daha çox ölkəni əhatə edir. Bu il keçirilən VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə dünyanın 38 ölkəsindən olan memarlar tərəfindən 270 layihə təqdim olunmuşdu. Oktyabr ayının 1-də Muğam teatrında VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində dünya memarlarının layihələrindən ibarət sərginin açılışı olmuş, oktyabrın 2-də isə müsabiqəsinin yekunlarına həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak etmişdir. Müsabiqənin münsiflər heyətinin üzvləri - İtaliya, Yunanıstan, Misir və Koreyalı məşhur memarlar Azərbaycan Memarlar İttifaqının ali mükafatı - akademik Mikayıl Hüseynov xatirə medalı ilə təltif olunmuş, müsabiqənin yekunları elan olunmuş, hər nominasiya üzrə üç yerin qalibi təltif edilmişdir.

Müsabiqənin görkəmli memarlardan ibarət münsiflər heyəti, eləcə də müsabiqəyə təqdim olunan əsərlərin keyfiyyəti, müxtəlifliyi və memarlıq baxımından maraqlı və funksional olması bu müsabiqənin əhəmiyyətini bir daha təsdiqləyir.

Bu yüksək səviyyəli, mötəbər beynəlxalq müsabiqənin qalibi olan Zərnaz İmanzadənin “Diriiyyə - açıq səma altında muzey” kitabı xalqımızin tarixi, dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanının memarlığı və şəhərsalma sənətinə dair Azərbaycanda nəşr olunmuş ilk kitabdır. Azərbaycanın müstəqilliyi illərində  müsəlman Şərqi ölkələrinin mədəniyyət və incəsənətinin, xüsusən də memarlıq və şəhərsalma sənətinin öyrənilməsinin, beynəlxalq əlaqələrin inkişafında, elmi, işçi və mədəni əməkdaşlığın möhkəmləndirilməsində rolu daha da artmışdır. Müsəlman Şərqi ölkələri arasında Səudiyyə Ərəbistanı Krallığı, dünyanın ən güclü dinlərindən biri olan İslamın mənəvi mərkəzi kimi, xüsusi yer tutur.

Oxucular kitabda Səudiyyə Ərəbistanının tarix və mədəniyyət rəmzi, UNESCO-nun ümumdünya mədəni irs siyahisinə daxil edilmiş, unikal, həqiqətən də açıq səma altında muzey olan Dirriyyə şəhəri ilə tanış olurlar. XV əsrdə Ərəbistanın ürəyi Nəcddə əmələ gəlmiş bu şəhər 1744 -1818-ci illərdə fenomenal Birinci Səudi Dövlətinin paytaxtı olmuşdur. Onun tarixi İslam tarixi ilə sıx əlaqədardır. Kitabda bu qədim şəhərin yaranması və inkişafına dair çox maraqlı məlumatlar oxucuların diqqətinə çatdırılır, Diriiyyənin əmələ gəlməsi və inkişafı tarixi qısa şəkildə nəzərdən keçirilir, onun planlaşma strukturu, inşaat texnikası, memarlıq simasını təyin edən gala divarları, məsjidlər, saraylar, yaşayış evləri, hamam kimi struktur elementləri barədə məlumat verilir. Həmçinin bu gün orada qabaqçıl texnologiyaların köməyi ilə, elmi əsaslandırılmış bərpa, konservasiya və abadlaşdırılma layihəsi əsasında görülən, şəhəri beynəlxalq səviyyəli turizm və istirahət bazası kimi müasir şəkildə təşkil edilmiş bütöv şəhər-qoruğa  çevirən geniş miqyaslı bərpa işlərindən söhbət açılır. Diplomat ailəsinin üzvü kimi bir müddət Səudiyyə Ərəbistanında yaşamış müəllifin yerində apardığı tədqiqat işləri,  topladığı sənədlər bu  kitabın ərsəyə gəlməsində baza rolunu oynamışdır. Kitab lazımi fotolar və qrafik sxemlərlə təmin olunmuşdur. Kitabdakı fotoşəkillərin əksəriyyəti, şəhərə çoxsaylı ziyarətləri zamanı, şəxsən müəllif tərəfindən çəkilmışdir.

Bu kitabın üç dildə (azərbaycan, ingilis və rus) tərtib edilmiş ilk nüsxəsi ölkəmizin nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləzizə təqdim  olunmuş, Azərbaycanlı müəllifin onun ata-baba yurdu olan Diriiyyə şəhəri haqqında kitab yazdığından cox məmnun olan və ona böyük maraq göstərən Əlahəzrət kral  bu kitabın ərəb dilinə də tərcüməsinin əhəmiyyətini qeyd etmişdir. Kralın təklifi və bu işi öz üzərinə götürən Azərbaycan nümayəndə heyətinin köməyi sayəsində sonradan ərəb dilinə də tərcümə olunan kitab, dörd dildə nəfis şəkildə çapdan çıxmışdır. Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Dr.Valid bin Mohammad Al Samaaninin geniş nümayəndə heyəti ilə ölkəmizə səfəri zamanı (15 iyul 2019) bu kitab Əlahəzrət Səudiyyə Ərəbistanı Kralına çatdırılması üçün Səudiyyə Ərəbistanı tərəfinə təqdim edilmişdir. Nazir Dr.Valid bin Mohammad Al Samaani kitabın ərsəyə gəlməsinə görə təşəkkürünü bildirərək, belə bir dəyərli nəşrin xalqlarımız arasında qardaşlıq münasibətlərinin əyani təzahürü olduğunu vurğulamışdır. Səfər çərçivəsindəki görüşlər zamanı kitab ölkəmizin Рrezidentinə və digər rəsmi şəxslərə də təqdim olummuş, onların marağına səbəb olmuş, tədqirəlayiq hesab edilmişdir. 23 sentyabr tarixində Səudiyyə Ərəbistanı Krallığının yaranma günü münasibətilə bu dövlətin ölkəmizdəki  səfirliyi tərəfindən verilən  800-dən çox iştirakçırın qatıldığı ziyafət zamanı səfirliyin təşəbbüsü ilə kitabın imza günü təşkil olunmuş və o çoxsaylı iştirakçıların   böyük marağına səbəb olmuşdur.

Beləliklə böyük ideoloji əhəmiyyətə malik olan bu kitab Azərbaycan və Səudiyyə Ərəbistani arasındakı dostluq münasibətlərinə yeni bir töhfədir.

Kitab eyni zamanda elmi-təcrübi əhəmiyyətə malikdir. Müəllifin açıq səma altında muzey olan Diriiyyənin şəhərsalma və memarlığına müraciəti, Səudiyyə Ərəbistanı Krallığının şəhərsalma və memarlığı haqqında elmi təsəvvürləri denişləndirmək imkanı yaradır və Azərbaycan elminin təcrübəsinə Azərbaycanın İslam dövrü mədəniyyətinin mənbəyi olan müsəlman Şərqinin memarlıq - bədii irsinin tədqiqi istiqamətində yeni səpkilər daxil edir ki, bu da Azərbaycanın tarixi şəhərlərinin bərpası zamanı bir analoq kimi istifadə edilə bilər.

Bu iş memarlıq nəzəriyyəsi sahəsində müsəlman Şərqi ölkələrinin memarlıq və şəhərsalma sənəti tarixi haqqında ümumiləşdirici əsərlərin yazılmasında öz istifadəsini tapa bilər.

Kitab memarlıq və incəsənət təmayüllü ali məktəblərdə, ümumdünya memarlıq tarixinin tədrisində, müəllimlərə qiymətli mənbə qismində xidmət edə bilər. O, həm də, bu gözəl ölkə ilə maraqlanan çoxsaylı insanlar üçün məlumat mənbəyidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: