Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, laboratoriyanın əməkdaşları – baş elmi işçi kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva və böyük elmi işçi Aynurə Həsənovanın həmmüəllifi olduqları məqalə Q1 kvartilli “European Polymer Journal” jurnalında (2026, Volume 243, 114463, https://doi.org/10.1016/j.eurpolymj.2025.114463) çapdan çıxıb.
“Modern theoretical and practical approaches to development, research and processing of thermoplastic elastomers and their filled composites. review” (Termoplastik elastomerlərin və onların doldurulmuş kompozitlərinin hazırlanmasına, tədqiqinə və emalına müasir nəzəri və praktik yanaşmalar. İcmal) adlı məqalədə müəlliflər unikal quruluş və xüsusiyyətlərin kombinasiyasına malik nisbətən yeni tipli termoplastik elastomerlərin (TPE) inkişafındakı mövcud tendensiyalar barədə məlumat veriblər. Məqalədə termoplastiklərin elastomer komponent ilə
uyğunluğunu artıran kompatibilizatorların seçilməsinin əsas prinsipləri göstərilib. Poliolefinlər və polyar sintetik elastomerlər nümunə kimi istifadə edilərək təkmilləşdirilmiş fiziki, fiziki - mexaniki və kimyəvi xüsusiyyətlərə malik TPE əldə etmək imkanları nəzərdən keçirilib. TPE və onun modifikasiyalarının analizi üçün SEM və rentgen faza analizi, pilləli dilatometriya kimi müasir fiziki üsulların istifadəsi polimer-polimer və polimer-doldurucu sistemlərində quruluş-xüsusiyyət əlaqəsi haqqında məlumat əldə etməyə imkan yaradıb. Doldurulmuş TPE-nin əsas fiziki, mexaniki və termiki xüsusiyyətlərinə müxtəlif növ dispers və lifli doldurucuların, eləcə də nanohissəciklərin təsirinin öyrənilməsinə böyük diqqət yetirilib. Dinamik vulkanlaşdırılmış TPE-nin alınması texnologiyası ilə bağlı problemlərə, reaktiv ekstruziya və təzyiq altında tökmə proseslərinin temperatur rejiminin və təzyiqinin kompozitin keyfiyyətinə təsirinin öyrənilməsinə diqqət ayrılıb.
Qeyd edək ki, Scopus, Science Citation Index Expanded (SCIE), SCImago Journal Rank (SJR), SNIP və s. kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan jurnal 6.3 impakt faktora və 10.2 CiteScore-a malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.