Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB), AMEA-nın Naxçıvan Bölməsinin və AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın elmi bölmələrinin, regional bölmələrinin və elmi mərkəzlərinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatların müzakirə olunduğu Rəyasət Heyətinin iclasları elmi fəaliyyətin nəticələrinin sistemli şəkildə təqdim edilməsi və onların obyektiv dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AMEA rəhbəri vurğulayıb ki, Bölmələrin daxili hesabatlarından fərqli olaraq, Rəyasət Heyətinin iclaslarında təqdim olunan hesabatlar əvvəlcədən müzakirə olunaraq daha da təkmilləşdirilir. Bu mərhələdə faktların və rəqəmlərin daha geniş şəkildə təqdim olunması xüsusi önəm daşıyır. O, bölmələrdə müzakirə olunan hesabatların Rəyasət Heyətinin iclaslarına təqdim edilən hesabatlarla eyni məzmunu daşımamasının vacibliyini qeyd edib, Rəyasət Heyətinin iclaslarının yekun mərhələ olduğunu və burada yalnız əsas, mühüm elmi nəticələrin təqdim edilməli olduğunu bildirib.
Akademik İsa Həbibbəyli müasir rəqəmsal inkişaf mərhələsində hesabatların elmmetrik göstəricilər əsasında, arqumentləşdirilmiş və sistemli şəkildə təqdim olunmasını zəruri hesab edib. Vurğulayıb ki, təqdimat zamanı geniş və uzun izahlardan daha çox, əsas ideyaların, konkret nəticələrin və ölçülə bilən göstəricilərin təqdim olunmasına üstünlük verilməlidir.
Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevi 75 illik yubileyi münasibətilə təbrik edib və alimə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanını təqdim edib.
O, akademik İsmayıl Hacıyevin həm elmi yaradıcılığı, həm də şəxsi keyfiyyətləri ilə seçilən, Azərbaycan elmində milli dövlətçilik tarixini araşdıran, bu sahədə çoxsaylı və sanballı elmi əsərlər ərsəyə gətirmiş görkəmli tarixşünas alimlərimizdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, akademik İsmayıl Hacıyevin tədqiqatlarında Azərbaycan dövlətçiliyinin əsas simaları və mühüm problemləri geniş şəkildə tədqiq olunub, bununla da Azərbaycan dövlətçilik tarixinin elmi salnaməsi yaradılıb.
Akademiya prezidenti bildirib ki, alimlərin bir qismi əsərlərində daha çox faktlara, sənədlərə, digər qismi isə nəzəri yanaşmalara və mülahizələrə əsaslanır. Akademik İsmayıl Hacıyevin yaradıcılığında isə bu iki istiqamətin vəhdəti özünü göstərir. Akademik İsmayıl Hacıyevin əsərləri fakt və sənədlərə əsaslanmaqla yanaşı, onların elmi-nəzəri şərhini və dərin təhlilini təqdim edir.
Sonra Humanitar Elmlər Bölməsinin (HEB) elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı Bölmənin hesabatını təqdim edib. Bildirib ki, sürətli sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycanda 2025-ci il humanitar elm sahələri üçün olduqca mühüm nailiyyətlətlə yadda qalıb. Azərbaycan Republikası Prezidentinin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dilinin, ədəbiyyatının, mədəniyyətinin müasir dövrün tələbləri baxımından daha da araşdırılması və təbliği istiqamətindəki müvafiq Fərman və Sərəncamları, eləcə də Dövlət Proqramları 2025-ci ildə humanitar elm sahələrində aparılan əsas konseptual fəaliyyət proqramı kimi qəbul edilib.
Prezident İlham Əliyevin “2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması haqqında”, “AMEA-nın 80 illik yubileyinin keçirilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” , “Fikrət Qocanın 90 illiyinin qeyd edilməsi haqqında”, “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncamlarına əsasən Bölmədə həyata keçirilmiş tədbirləri diqqətə çatdırılıb.
Qeyd edilib ki, dövlət başçısı AMEA-nın 80 illik yubiley tədbirindəki parlaq nitqində, eləcə də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığının qorunması istiqamətində humanitar elmlər sahəsində çalışan alimlərin üzərinə ciddi vəzifələr qoyub. Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaqda alimlərin məruzələri, rəy və təklifləri dinlənilib. Bundan başqa, Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi İnkişaf Strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusundakı tədbirdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində təşkil olunan “Dilimiz – kimliyimiz” mövzusunda müşavirədə AMEA-nın bir sıra alimi iştirak edərək Akademiyanın dövlət dili siyasətinə elmin dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fikirlərini bildiriblər. Bölmənin alimləri mütəmadi olaraq dilimizin qorunması ilə bağlı Televiziya kanallarına müsahibələr verib, dövri mətbuatda məqalələr dərc etdiriblər.
Diqqətə çatdırılıb ki, hesabat ilində HEB-in 5 iclası və 2 Ümumi yığıncağı keçirilib, iclaslarda 139 məsələyə baxılıb. 2025-ci ildə Bölmə müəssisələrində 6 elmi istiqamət üzrə, 34 problemi əhatə edən 72 mövzu, 483 elmi tədqiqat işi yerinə yetirilib. 72 mövzunun 35-i, 483 işin 319-u tamamlanıb. HEB-in 5 elmi tədqiqat müəssisəsi tərəfindən 15 mühüm elmi nəticə əldə edilib. Eləcə də AMEA-nın tabeliyində olmayan humanitar yönümlü müəssisələr 2025-ci ildəki mühüm nəticələri təqdim ediblər. Elm və Təhsil Nazirliyinin 16, Mədəniyyət Nazirliyinin 7 mühüm nəticəsi hesabata daxil edilib. Bundan başqa, Qarabağ Universitetinin də mühüm nəticəsi Bölməyə təqdim olunub.
Bildirilib ki, 2025-ci ildə elmi-tədqiqat müəssisələrində 180 kitab (2-si xaricdə), 95 monoqrafiya (15-i xaricdə), 2155 məqalə və tezis (366-sı xaricdə) çap olunub. İmpakt faktorlu jurnallarda əməkdaşların 10 məqaləsi işıq üzü görüb. HEB-in alimlərinin elmi əsərlərinə olan istinadların ümumi sayı 1062-dir. Həmçinin elmi jurnallarda dərc olunan 958 məqaləyə DOI (Rəqəmsal Obyekt İdentifikatoru) identifikatoru verilib. Eyni zamanda, Bölmə əməkdaşları tərəfindən hesabat ilində 12 dərslik və 1 dərs vəsaiti nəşr edilib.
Hesabat ilində elmi-tədqiqat müəssisələri ilə beynəlxalq qurumlar arasında 9 sənədin imzalanıb ki, onun da 7-si türkdilli dövlərlərin akademik qurumları ilə bağlanıb.
Həmçinin Bölmənin kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, təltiflər və s. barədə məlumatları təqdim edilib.
Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat dinlənilib. Hesabatı Bölmənin sədri, akademik İsmayıl Hacıyev təqdim edərək bildirib ki, ötən il ərzində Bölmənin elmi müəssisələri Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin, eləcə də Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarının tapşırıq və göstərişlərinə uyğun olaraq fəaliyyət göstərib, elmi-tədqiqat işlərinin təşkili və icrası təmin olunub.
Akademik İsmayıl Hacıyev qeyd edib ki, 2025-ci ildə AMEA-nın Naxçıvan Bölməsində 3 elmi istiqamət üzrə, 3 problem çərçivəsində 17 elmi iş üzrə 36 mərhələdə tədqiqatlar aparılıb və bu tədqiqatlar nəticəsində 6 mühüm elmi nəticə əldə olunub.
Hesabatda arxeologiya, tarix, dilçilik, folklorşünaslıq və mədəniyyətşünaslıq sahələrində aparılan araşdırmaların əsas nəticələri ümumiləşdirilərək təqdim edilib, əldə olunan nəticələrin elmi əhəmiyyəti və praktik dəyəri diqqətə çatdırılıb.
Bildirilib ki, hesabat dövründə Bölmənin elmi müəssisələrinin əməkdaşları tərəfindən 9 monoqrafiya, 13 kitab, 288 elmi məqalə və konfrans materialları nəşr olunub, bu nəşrlərin bir qismi xarici ölkələrdə dərc edilib.
Eyni zamanda, bölmədə elmi kadr hazırlığı sahəsində də mühüm nəticələr əldə olunub, Dissertasiya Şurasında müdafiələr keçirilib, elmi dərəcələrin verilməsi prosesi uğurla davam etdirilib. İl ərzində respublika və beynəlxalq səviyyəli elmi konfransların təşkili, eləcə də beynəlxalq elmi tədbirlərdə iştirak bölmənin elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.
Akademik İsmayıl Hacıyev, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, elmi tədbirlərin təşkili və elmin cəmiyyətə təqdim olunması istiqamətində həyata keçirdiyi fəaliyyətləri də diqqətə çatdırıb.
Tədbirdə Mərkəzi Elmi Kitabxananın 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov təqdim edib.
Məruzəçi bildirib ki, kitabxananın fəaliyyətinin əsas istiqamətlərini fondların zənginləşdirilməsi və rəqəmsallaşdırılması, oxuculara informasiya xidmətlərinin göstərilməsi, elmi tədqiqatların informasiya ilə təmin olunması, eləcə də kitabxana-informasiya sistemində müasir texnologiyaların və süni intellektin tətbiqi təşkil edir. O, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi və mədəni tədbirlərin təşkili, elmi nəşrlərin hazırlanması və maarifləndirici layihələrin həyata keçirilməsinin də əsas fəaliyyət istiqamətləri sırasında olduğunu qeyd edib.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarının icrası çərçivəsində 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Mərkəzi Elmi Kitabxana tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, mövzuya dair biblioqrafik göstərici nəşr olunub, virtual və ənənəvi sərgilər, eləcə də lektoriyalar təşkil edilib. Eyni zamanda, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncama uyğun olaraq AMEA-nın 80 illik yubileyi münasibətilə MEK-də silsilə tədbirlər keçirilib, “AMEA 80: Elmi irs və inkişaf” adlı sərgilər təşkil olunub, ensiklopedik materiallar elmi baxımdan yenidən işlənib.
Hesabatda qeyd olunub ki, ötən il Mərkəzi Elmi Kitabxananın fəaliyyətinin 100 illiyi tamam olub və bu yubiley münasibətilə “MEK 100: Tarix və müasirlik” mövzusunda virtual və ənənəvi sərgilər təşkil edilib, “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib, yubileyə həsr olunmuş nəşrlər çap olunub və sənədli film hazırlanıb.
Bununla yanaşı, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi əsasında elektron kitabxana və onlayn xidmətlər genişləndirilib, on minlərlə tam mətnli nəşr elektron bazaya daxil edilib, inklüziv oxucular üçün xüsusi resurslar istifadəyə verilib, həmçinin MEK-də süni intellekt əsaslı səsli axtarış sistemi tətbiq olunub.
İclasda təqdim olunan hesabatlar ətrafında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev çıxış edərək əldə olunmuş mühüm elmi nəticələrlə bağlı fikirlərini bildiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın Humanitar Elmlər Bölməsinin, AMEA-nın Naxçıvan Bölməsinin və AMEA Mərkəzi Elmi Kitabxanasının 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin, AMEA-nın Naxçıvan Bölməsinin və MEK-in 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
İclasa yekun vuran akademik İsa Həbibbəyli Azərbaycan dilinin saflığının qorunması, Qarabağda və ətraf ərazilərdə prioritet istiqamətlərdə yeni elmi tədqiqatların aparılması, İraq-türkman yazılı ədəbiyyatına dair araşdırmaların sayının artırılması məsələlərinə toxunub. O, institut və təşkilatların saytlarında ingilis və rus dillərində xəbərlərin yayımlanmasının Azərbaycan alimlərinin xarici ölkələrdə tanınması baxımından önəmini qeyd edərək, bu istiqamətlərə daha çox diqqət yetirilməsinin vacibliyini önə çəkib.
AMEA-da gənclər siyasətinə xüsusi önəm verildiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında “Gənclər Akademiyası”nın təsis edildiyini, əsasnaməsinin təsdiqləndiyini və qurumun ilk iclasının keçirildiyini söyləyib. O, həmçinin beynəlxalq yüksək impakt faktorlu jurnallarda fundamental elmi məqalələrin sayının artırılmasının müasir dövrün tələbi olduğunu və dünya elminə inteqrasiya baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.