Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Arif Həşimov və AMEA Rəyasət Heyətinin Aparatının Xarici əlaqələr və Beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova 14-17 yanvar 2026-cı il tarixlərində Türkiyənin Rizə şəhərində keçirilmiş İkinci Beynəlxalq Ayder Enerji Forumunda iştirak ediblər.
Forum Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin strateji dəstəyi, Rizə Valiliyinin və Rizə Bələdiyyəsinin yüksək himayəsi, həmçinin Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr üzrə Baş İdarəsinin töhfələri ilə təşkil olunmuşdur və regionun, eləcə də ölkənin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə vermişdir.
Forum enerji siyasəti, davamlı inkişaf, innovativ texnologiyaların tətbiqi, enerji diplomatiyası və regional əməkdaşlıq üzrə aktual məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma kimi fəaliyyət göstərmiş, 20-dən çox ölkədən xarici nümayəndə heyətlərinin, ümumilikdə 500-dən artıq iştirakçının və 85 nüfuzlu məruzəçinin iştirakı ilə yüksək peşəkarlıq səviyyəsində başa çatdırılmışdır.
Açılış mərasimində Türkiyə və Şimali Kipr Türk Respublikasının yüksək vəzifəli dövlət rəsmiləri çıxış etmiş, o cümlədən Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyə Respublikasının Səhiyyə naziri, professor Kəmal Memişoğlu, Türkiyə Respublikasının Gənclik və İdman naziri Osman Aşkın Bak, Şimali Kipr Türk Respublikasının İqtisadiyyat və Energetika naziri Olğun Amcaoğlu, tədbir iştirakçılarını salamlamışlar. Azərbaycan tərəfdən isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏPA) baş Katibi, akademik Asəf Hacıyev, Azərbaycan Milli Məclisinin Təbiət Ehtiyatları, Energetika və Ekologiya Komitəsinin sədri, dosent Sadiq Qurbanov, həmçinin Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov çıxış etmişlər.
Forumun açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanladığı rəsmi müraciət xüsusi vurğulanmışdır. Prezident müraciətində enerji diplomatiyasının və enerji təchizatının təhlükəsizliyinin milli təhlükəsizlik strategiyalarında həlledici yer tutduğunu qeyd etmiş, “Türkiyə Yüzili” baxışı çərçivəsində bu istiqamətdə fasiləsiz fəaliyyətin davam etdiriləcəyini bildirmişdir. Bu müraciət forumun əsas ideya və təşviqedici xəttini formalaşdırmışdır.
Forum çərçivəsində enerji təhlükəsizliyi, enerji mənbələrinin şaxələndirilməsi, innovativ və rəqəmsal həllərin tətbiqi, bərpa olunan enerji mənbələrinin inkişafı, aşağı karbonlu və ekoloji yönümlü enerji yanaşmaları, eləcə də elmi tədqiqatların dayanıqlı enerji strategiyalarının formalaşmasındakı rolu geniş müzakirə olunmuşdur. Xüsusi diqqət Qara Dəniz hövzəsinin enerji, qlobal təhlükəsizlik və diplomatiya kontekstində geosiyasi əhəmiyyətinə yönəldilmişdir.
Forumun ikinci günü – Rizənin Ayder bölgəsində - enerji sektorunda innovasiyalar, Qara Dəniz–Avrasiya regionunda enerji rəqabəti, nüvə energetikasının inkişaf perspektivləri və ekoloji tarazlığın qorunması mövzularında tematik sessiyalar keçirilmişdir. Eyni zamanda Ayder bölgəsinin təbii mühitinin qorunmaqla beynəlxalq intellektual və elmi müzakirələr üçün cazibə mərkəzinə çevrilməsi məqsədi xüsusi olaraq vurğulanmışdır.
Həmin gün akademik Arif Həşimov “Müasir elektroenergetika ekoloji sivilizasiyanın astanasında” və “Elektroenergetika sistemində külək və günəş enerjisinin tətbiqinin Azərbaycan modeli” adlı mövzularda məruzələrlə çıxış etmişdir.
Forumun bağlanış mərasimində aparılmış iqtisadi və sosial təsir analizlərinin nəticələri təqdim olunmuş, iştirakçıların və nümayəndə heyətlərinin ümumi razılığı ilə 2027-ci ildə keçiriləcək növbəti forumun əsas mövzusunun “Sağlamlıq” olacağı elan edilmişdir.
AMEA nümayəndələrinin Ayder Forumdakı iştirakı beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, elmi diplomatiyanın möhkəmlənməsinə və enerji transformasiyası üzrə çoxtərəfli dialoqun inkişafına mühüm töhfə vermişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.