AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında İctimai Elmlər Bölməsinin Elmi şurasının 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
Hesabatı AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.
Diqqətə çatdırıb ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na, eləcə də “Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” və s. sərəncamlarının icrasına istiqamətlənib. Eləcə də, ölkə başçısının Qərbi Azərbaycan və Qafqaz Albaniyası ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun istiqamətdə də işlər aparılıb.
Akademik qeyd edib ki, 2025-ci ildə İEB-in elmi müəssisələrində 32 problemə aid 87 mövzuya dair 491 tədqiqat işi aparılıb, 72 mövzu, 425 iş tamamlanıb.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2025-ci ildə bölmə üzrə 1594 əsər nəşr olunub. Bunlardan 32-si kitab (2-si xaricdə), 66-sı monoqrafiya (16-sı xaricdə) 1078-i məqalə (309-u xaricdə), 389-u tezis (123-ü xaricdə), 5-i dərslik və 25-i dərs vəsaitidir. Bölmə üzrə 39 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 2962 istinad edilib.
Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 1938 əsər çap olunub. Bunlardan 68-i kitab (5-i xaricdə), 47-si monoqrafiya (16-sı xaricdə), 81-i dərslik və dərs vəsaiti, 958-i məqalə (493-ü xaricdə), 482-si tezis (122-si xaricdə) olub, Web of Science, Scopus bazalarında indekslənən jurnallarda isə 315 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 1137 istinad qeydə alınıb.
Akademik Gövhər Baxşəliyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət başçısının Sərəncamın icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 4 beynəlxalq, 3 respublika, 4 elmi seminar, 1 elmi sessiya, 2 dəyirmi masa və 1 tədbirin keçirildiyini, 1 beynəlxalq konfransın materiallarının çap olunduğunu, 1 şöbənin yaradıldığını bildirib. Qeyd edib ki, bu çərçivədə “Süni intellekt və müasir şüur: Konstitusiya və Suverenlik İli kontekstində”, “Milli mübarizəmizin məntiqi nəticəsi, Konstitusiya və Suverenlik”, “Azərbaycan arxeologiyası “Konstitusiya və Suverenlik İli”ndə: nailiyyətlər və perspektivlər”, “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət quruculuğunun 30 illik təcrübəsi” və s. mövzuda konfranslar, dəyirmi masalar, seminarlar baş tutub, həmçinin “Azərbaycan Respublikasında müasir konstitusionalizm və Suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.
Məruzəçi, həmçinin dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” istiqamətində görülmüş işləri diqqətə çatdırıb, bu çərçivədə “AMEA yeniləşmə və islahat yollarında”, “Süni intellekt fəlsəfəsi və tarixi – mədəni epistemoloji yanaşma”, “Rəqəmsal sosiologiya: nəzəri, metodoloji və tarixi aspektləri” və digər nəşrlərin çap olunduğunu söyləyib.
Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, arxeoloq alimlər tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətdə fəaliyyət davam etdirilib. Bu günümüzə kimi mövcud olan siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər əlaqədar qurumlardan ibarət İşçi Qrupu tərəfindən ölkə ərazisində müxtəlif obyektlərə baxış keçirilib və arayış hazırlanıb.
Bundan əlavə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan irəli gələrək, bölmənin institutlarında bir sıra işlər həyata keçirilib, kitablar çap olunub, 30-a yaxın elmi tədqiqat işləri yerinə yetirilib, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərib. Eləcə də, işğaldan azad olunmuş ərazilərimizdə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar tədbirlər çərçivəsində Zəngilanda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Ağdərədə və s. arxeoloji kəşfiyyat işləri aparılıb.
Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin öyrənilməsi istiqamətində isə “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ermənistanın toponimik cinayətləri”, “Azərbaycanlılarla ermənilər arasında keçirilən “Barışdırıcı qurultay” (Qafqaz Canişinliyi 20 fevral - 6 mart 1906-cı il)” kitabları çap olunmuş, eləcə də “Qərbi Azərbaycan atlası” üzrə “Azərbaycan Respublikası ərazisində yer adları ilə bağlı topoqrafik xəritələr” üzərində yenilənmə aparılmış və toplanmış materiallar əsasında Dərələyəz mahalının, Qərbi Zəngəzurun xəritəsi çəkilmişdir. O cümlədən “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir.
Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, Qafqaz Albaniyasının tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində bölmənin elmi-tədqiqat müəssisələrində, xüsusən Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutlarında çalışan əməkdaşlar tərəfindən bir sıra elmi-tədqiqat işləri həyata keçirilmiş, kitablar, çoxsaylı məqalələr çap olunmuşdur. Belə ki, “Qafqaz Albaniyasının Düzən Qarabağda antik dövr abidələri” adlı monoqrafiya çap edilmiş, “Qafqaz Albaniyasını xristian dövr arxeoloji və memarlıq irsi” adlı monoqrafiya isə çapa təqdim olunmuşdur. Həmçinin Qafqaz Albaniyasına dair mənbələrin araşdırılması məqsədilə Londonda, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzinin Arxivində, Rusiya arxivlərində məlumatlar toplanmışdır.
İraq Türkmanları ilə əlaqədar görülmüş işlər çərçivəsində isə “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” nəşri Azərbaycan və ərəb dillərində Bakı və Bağdadda nəşr edilib.
Akademik Gövhər Baxşəliyeva, o cümlədən bölmənin institutlarında türk xalqların tarixini, mədəniyyətini araşdıran şöbələrin fəaliyyət göstərdiyini, “Türkiyənin siyasi və iqtisadi tarixi və Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin öyrənilməsi”, “Azərbaycanda yaşayan digər türk xalqlarının tarixinin və etnologiyasının müqayisəli öyrənilməsi (keçmişdə və indi)” və digər istiqamətlərdə tədqiqatların aparıldığını söyləyib.
Məruzədə, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb.
Hesabatlar üzrə aparılan müzakirələrdə professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və gənc alim, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Dadaşova çıxış edərək bölmə üzrə əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Daha sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji qazıntılara toxunub, bölmə üzrə impakt faktorlu jurnalda ən yüksək göstəricinin Arxeologiya və Antropologiya İnstitutunda qeydə alındığını bildirib. Həmçinin qeyd edib ki, Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycana dair, Fəlsəfə və Sosiologiya İnstitutu isə süni intellekt və rəqəmsal texnologiyalara dair aparılan tədqiqatlarda daha çox nailiyyət qazanıb. O cümlədən tarixi xəritələrin yenidən elmə qazandırılması istiqamətində Tarix və Etnologiya İnstitutu, eləcə də Şərqşünaslıq İnstitutunun böyük potensiala malik olduğunu, bu yöndə araşdırmaların sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Qafqaz Albaniyasına dair tədqiqatların Kəlbəcər ərazisində də planlaşdırıldığını söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-da İraq türkmanlarına dair araşdırmaların cari ildə də davam etdirildiyini, “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” nəşrinin çapının böyük uğur olduğunu bildirib. Xaraba Gilan şəhər yerində ötən il Əcəmi Naxçıvaninin müəllifi olduğu memarlıq abidəsinin tağının müəyyən edildiyini, bu yöndə tədqiqatların genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri bölmənin 2025-ci il üzrə fəaliyyətinin qənaətbəxş olduğunu, bölmə əməkdaşlarının 2026-cı il ərzində də ölkəmizin sosial-mədəni, milli-mənəvi dəyərlərin təbliği istiqamətində inamla çalışacaqlarına inamını ifadə edib.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.