2026-cı ilin yanvar ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasının direktoru Sevil Zülfüqarova, baş kitabxanaçı Talehə Bakıxanova və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kitabxanasının baş kitabxanaçısı Əfsanə Səfərova Dubayda “Seminar on Artificial Intelligence” – Süni İntellekt üzrə seminarın iştirakçısı olmuşlar. Amity Universitetində keçirilən seminarın mövzusu əsasən süni intellektin kitabxanaların fəaliyyətində tətbiqinə həsr olunmuşdur. Məlum olduğu kimi Süni İntellektin kitabxanaçılıqda tətbiqi ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılması və optimallaşdırılmasından tutmuş istifadəçilər üçün xidmətlərin fərdiləşdirilməsinə qədər yeni imkanlar, geniş üfüqlər açır.
Bu mənada Azərbaycan kitabxanalarında, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının kitabxanalarında süni intellektin tətbiqi və elmi mühitdə səmərəliliyini maksimum dərəcədə artırılması yollarını öyrənmək üçün dünyanın inkişaf etmiş ölkələrinin bu sahədə inkişaf strategiyalarını, təcrübələrini yaradıcı şəkildə öyrənməyə ehtiyac hiss olunur. Amity Universitetində keçirilən seminarın da əsas məqsədi bu istiqamətdə mövcud tendensiyaları təhlil etmək, süni intellektin tətbiqinin üstünlüklərini və çatışmazlıqlarını müəyyən etmək, gələcək tədqiqatlar üçün potensial inkişaf yollarını nəzərdən keçirmək idi. Qeyd edək ki, Süni intellektin kitabxana-biblioqrafiya proseslərində tətbiqinin aktuallığı bir sıra amillərdən irəli gəlir ki, onların sırasında mühüm olanlar texnoloji tərəqqi, səmərəlilik və avtomatlaşdırma, xidmətin fərdiləşdirilməsi, analitika və proqnozlaşdırma və sosial inklüzivlikdir:
1. Texnoloji tərəqqi: Müasir informasiya cəmiyyəti texnologiyaları getdikcə daha mürəkkəb və bir-biri ilə əlaqəli hala gəlir. Bu, kitabxanaçılıq da daxil olmaqla müxtəlif sahələrdə Sİ-nin aktiv istifadəsi üçün ilkin şərtlər yaradır.
2. Səmərəlilik və avtomatlaşdırma: Süni intellekt kataloq idarəçiliyindən tutmuş interaktiv istifadəçi qarşılıqlı əlaqələrinə qədər səmərəliliyi əhəmiyyətli dərəcədə artıra və kitabxana əməliyyatları ilə əlaqəli bir çox prosesi avtomatlaşdıra bilər.
3. Xidmətin fərdiləşdirilməsi: Süni intellekt istifadəçi seçimlərinə və maraqlarına əsaslanaraq fərdi tövsiyələr təqdim edə bilər, istifadəçi üçün əlverişli olur.
4. Analitika və proqnozlaşdırma: Süni intellekt istifadəçi davranışını təhlil etmək və onların ehtiyaclarını proqnozlaşdırmaq üçün istifadə edilə bilər ki, bu da kitabxanaların dəyişən trendlərə və seçimlərə daha tez və dəqiq reaksiya verməsinə imkan verir.
5. Sosial inklüzivlik: İnklüzivlik (ingiliscə "inclusion" sözündən götürülmüşdür) əlilliyi, sağlamlıq imkanları məhdudluğu və ya digər xüsusiyyətləri olan insanların hər kəslə bərabər səviyyədə aktiv sosial, mədəni və təhsil həyatına cəlb edilməsi prosesidir. Əsas prinsip insanları bir sistemə uyğunlaşdırmağa çalışmaq əvəzinə, hər kəsin xoş qarşılandığı maneəsiz bir mühit yaratmaqdır. Süni intellekt adaptiv və inklüziv xidmətlər göstərməklə kitabxanaların əlilliyi olan insanlar üçün daha əlçatan olmasına kömək edə bilər.
Seminar çərçivəsində ziyarətçisi olduğumuz və təcrübə keçdiyimiz kitabxanalarda bütün bu sadalanan amillərin tətbiqi imkanları və əldə edilən nəticələrlə ətraflı tanış olduq.
Qədim əfsanələr və müasir nailiyyətlər şəhəri kimi Dubayın zəngin kitabxanalarının modernliyi insanı valeh edir. Təbiidir ki, bu kitabxanalar bilik, mədəni və yaradıcı cəmiyyət qurmaq, insanlara inanılmaz sayda kitab, yüksək keyfiyyətli məlumat və intellektual fəaliyyətlərə çıxış təmin etməklə oxumağa, təhsilə və elmə marağı artırmaqdadr. Seminar gündəliyində ziyarətimizin nəzərdə tutulduğu kitabxanalarda rəqəmsal resursların sistemli mühafizə və təqdimat texnologiyası, modern xidmət növləri, süni intellektin tətbiqiq ilə reallaşan axtarış sistemləri ilə sanki bizi zaman və sivilizasiya səyahətinə dəvət edirdi.
Bunu ilk olaraq seminarın keçirildiyi Dubayın Beynəlxalq Akademiya Şəhərciyində yerləşən Amity Universitetinin kitabxanasının timsalında müşahidə etdik. Burada dünyanın hər yerindən orta hesabla 22.000 tələbə təhsil alır. Amity Universiteti biznes, mühəndislik, kompüter elmləri, jurnalistika, moda dizaynı və turizm, məhkəmə ekspertizası, memarlıq, media və hüquq sahələrini əhatə edən təməl kursları, bakalavr dərəcələri və magistr dərəcələri daxil olmaqla 25-dən çox proqram təklif edir. Universitet öz sahələrində lider kimi tanınan və sənaye və korporasiyalarla güclü əlaqələri olan yüksək ixtisaslı müəllim heyətinə malikdir. Amity Universitetinin kitabxanası geniş rəqəmsal və çap resurslarına çıxış təmin edir. O, beynəlxalq təhsil standartlarına uyğun olaraq bakalavr və magistr tələbələri üçün ixtisaslaşmış verilənlər bazaları, təlim resursları və süni intellektin tətbiqi ilə tədqiqat işlərinə çevik dəstək proqramları təklif edir.
Kitabların saxlanması və geri alınması üçün robot sistemləri, özünəxidmət axtarışı üçün ağıllı köşklər mövcuddur. Oxu zalları öz möhtəşəm gözəlliyi ilə yanaşı oxucular üçün bütün mənbələrin əlçatanlığını təmin edir. Mütaliə etmək insana məxsus fundamental və əbədi bir prosesdir. Kitabları, mütaliəni sevən və biliklərini artırmaq istəyən hər kəs belə kitabxanaya baş çəkməyin ən yaxşı hədiyyə olduğunu təsdiqləyə bilərlər. Doğrudur, burada elektron kitablara asanlıqla çıxışın olduğu rəqəmsal mühitdə belə, köhnə mütaliə məktəbinin cazibəsinin itirilmədiyinin də şahidi olduq.
Tanış olduğumuz digər kitabxana Əbu-Dabidə kitab fondlarının sayına görə ən böyük və geniş miqyaslı Xəlifə Kitabxanası oldu. Kitabxana İdarəetmə şöbəsi, Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin Dar Əl Kutub Sektorunun bir bölməsidir və Əbu-Dabidəki ictimai kitabxanaların idarə olunmasına və yerli icma üçün müxtəlif elm və təhsil tədbirləri proqramı təmin etməyə cavabdehdir. Elmi kitablar, nadir nəşrlər və akademik məqalələr üzrə ixtisaslaşmış fondları olan kitabxananın, ayrıca 10.000 adda uşaq bölməsi vardır. Xəlifə Kitabxanası mənzərəli bir parkda yerləşir. Nadir kitablar və dissertasiyalar kolleksiyası da daxil olmaqla, ümumi və ixtisaslaşmış fondların geniş kolleksiyalarını təklif edir. Əsas kitabxana binasındakı dissertasiya otağında regionla bağlı mövzularda 2000 dissertasiya kolleksiyası var. Bu dissertasiyalar universitetlər və beynəlxalq tədqiqat mərkəzləri tərəfindən bağışlanıb. Nadir Kitablar bölməsində əsasən nadir və dəyərli kitablar olmaqla ərəb və digər dillərdə 1900 adda nadir nəşr təqdim edilir. Əmirliklər və Körfəz Kolleksiyasında BƏƏ və digər Körfəz ölkələri ilə bağlı müxtəlif mövzularda olan əsas fondu 21.000-dən çox kitab təqdim edilir. Kitabxananın 30.000 kitab fondlu ictimai bölməsi, eləcə də ayrıca dövri nəşrlər bölməsi vardır. Oxu zallarında elmi və arayış ədəbiyyatı kolleksiyaları açıq istifadədir. Kitabxana ziyarətçilərinə kitab icarəsi, arayış xidmətləri, internetə çıxış, üzvlük və müxtəlif elektron resursları pulsuz təklif edən rəqəmsal kitabxana da daxil olmaqla geniş xidmətlər təklif edir. Rəqəmsal kitabxananı ww.library.dctabudhabi.ae saytında ziyarət etmək olar.
Global Business Studies - qlobal səviyyədə tanınmış ixtisaslara yiyələnməyə yol açan ixtisaslaşmış ali təhsil təminatçısıdır. Bankçılıq, maliyyə, mühasibat uçotu, biznes, turizm, informasiya texnoligiyaları, səhiyyə və digər sahələrdə peşə, bakalavr və magistr proqramları təqdim edir. az təmsil olunan qruplar arasında ali təhsilə çıxışı genişləndirmək istəyirik. Burada keyfiyyətli müasir kitabxana xidməti və rəqmsal bilik bazaları təhsil alan tələbələrin dünyada qəbul edilən beynəlxalq səviyyədə tanınmış ixtisaslar qazanmasına əsil yardımçı oola bilir.
Middlesex Universitetində 127 ölkədən 6300-dən çox tələbə təhsil alır. Middlesex Universiteti Londondakı dünyaca məşhur Middlesex Universitetinin ilk xarici filialıdır. Universitet geniş ixtisaslaşmalar üzrə təməl bakalavr və magistr proqramları təklif edir. Bu universitetin kitabxanası əsil müasir resurs mərkəzi kimi tələbələrə sakit mütaliə sahələri, geniş çap və rəqəmsal resurslar, fərdi məsləhətləşmələr, informasiya-biblioqrafiya savadlılığını artıran seminarlar təklif edir. Kitabxana uğurlu təhsil üçün lazımi texnoloji vasitələrlə tələbələri dəstəkləyir.
Beynəlxalq səviyyədə yüksək reytinqi ilə tanınmış hər üç universitet kitabxanasının fəaliyyəti, iş təcrübəsi ilə yaxından tanış olduq, süni intellektin kitabxana-biblioqrafiya sahəsində tətbiqi məsələləri haqqında həmkarlarımızla söhbətlər apardıq, müzakirələr etdik və bizi maraqlandıran proseslərdə əməli olaraq iştirak etdik. Dubay universitetlərinin kitabxanaları və ictimai kitabxanalardakı görüşlərimiz burada kitabxanaçı peşəsinin prestijli olduğunun, kitabxanaların qlobal informasiya əsrində insanların sosial həyatının fəal tərkib hissəsinə çevrildiyinin, inkişaf strategiyasının vüsətinin şahidi olduq. Burada kitabxanaların müntəzəm olaraq elm sahələrinə, incəsənətə, mədəniyyətə, memarlığa və tarixə həsr olunmuş kitab imzalama tədbirləri, yaradıcı seminarlar, yaradıcı icma üzvlərinin görüşləri və s. ibarət proseslərinin şəbəkələşmiş dinamik bir platforması olması da maraqlı bir cəhət idi. Demək olar ki, Süni intellekt texnologiyalarının mövcud biblioqrafik xidmət problemlərinin uğurlu həlli yolunda istifadəsi, bu istiqamətdə xidmətlərin yeni növləri və formalarının əhəmiyyəti haqqında zəruri təcrübə qazandıq.
Ən əsası isə süni intellektin tətbiqi ilə elmə və təhsilə daha geniş imkanlar açacaq modern kitabxana xidmətinin prioritet inkişaf istiqamətlərini əhatə edəcək yeni layihəmizi qərarlaşdırdıq. Seminar fərqlənən iştirakçılara sertifikatların təqdim edilməsi ilə başa çatdı.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının nümayəndələri olaraq biz də kitabxanalara kitab hədiyyələrimizi - N.Məmmədlinin Türk dünyasının möhtəşəm ortaq abidəsi olan “Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” kitabının üç cildini, XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında “Türk mənşəli arxaizmlər lüğəti”nin üç cildini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu” haqqında nəşr və s. təqdim etdik.
Sevil ZÜLFÜQAROVA, Nəsimi adına Dilçilik İnstitutunun Elmi Kitabxanasının direktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.