Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin vəfatından 10 il ötür. Bu münasibətlə alimin tələbələri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Fəxri Xiyabanda görkəmli alimin məzarını ziyarət ediblər.
Akademik Cəlal Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub. Ziyarət mərsimində Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e. akademik İradə Hüseynova, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev, alimin ilk tələbəsi, AMEA-nın müxbir üzvü İbrahim Əzizov çıxış ediblər. Çıxışlarda akademik Cəlal Əliyevin biologiya və aqrar elmlərin inkişafındakı misilsiz xidmətləri, fundamental elmi araşdırmaları və kadr hazırlığı fəaliyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, akademikin zəngin elmi irsi bu gün də öz aktuallığını qoruyur və müasir tədqiqatlar üçün mühüm elmi-metodoloji baza rolunu oynayır.
Azərbaycanda bir sıra yeni elm sahələrinin əsasını qoymuş, çoxsaylı yüksək ixtisaslı elmi kadrların yetişdirilməsində mühüm rol oynamış akademik Cəlal Əliyevin yaratdığı elmi məktəb bu gün də uğurla fəaliyyət göstərir və davam etdirilir. Onun irəli sürdüyü ideyalar və elmi yanaşmalar müasir fundamental və tətbiqi araşdırmalarda geniş şəkildə istifadə olunur.
Görkəmli alimin zəngin elmi irsi və əziz xatirəsi daim yaşayacaq, Azərbaycanın elm tarixində silinməz iz qoyaraq heç zaman unudulmayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.