Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru Marufjon Yuldaşev, Dillər fakültəsinin dekanı, professor Zubayda Şarapova və Pedaqoji fakültənin professoru Şoira Abdujalilova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qonağı olublar.
Qonaqlar institutun direktoru, professor Nadir Məmmədli ilə görüşərək elmi və pedaqoji əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparıblar. Görüş zamanı ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elmi araşdırmaların inkişafı və akademik mübadilə imkanları müzakirə edilib.
Söhbət zamanı universitetdə Özbəkistanın görkəmli dilçi alimi Xalid Səid Xovayevin adını daşıyacaq Araşdırma Mərkəzinin yaradılması məsələsi də müzakirə olunub. Bildirilib ki, sözügedən mərkəzin fəaliyyətə başlaması elmi əməkdaşlığın dərinləşdirilməsinə, türkoloji tədqiqatların inkişafına və beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.
Daha sonra institutun direktoru, professor Nadir Məmmədlinin elmi redaktorluğu ilə Xalid Səid Xocayevin tərcüməsində çap olunan M.Kaşğarinin III cildlik “Divanü-lüğat-it-türk” əsəri qonaqlara hədiyyə edilib. Bu mükəmməl nəşrin gələcək tədqiqatlar üçün əhəmiyyətli mənbə kimi istifadə ediləcəyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.