Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.04.2016 09:32
  • A-
  • A
  • A+

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr edilən toplunun təqdimatı olub

Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr edilən toplunun təqdimatı olub

Aprelin 8-də “ADA” Universitetində bu ali məktəbin rus dilində nəşr etdirdiyi “Əlimərdan bəy Topçubaşov. Seçilmişlər” (Ali Mardan Bek Topçibaşev. İzbrannoye) dörd cildlik toplusunun təqdimatı keçirilib.

Təqdimat mərasimində toplunun tərtibçisi, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Prezident İlham Əliyevin “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 25 fevral tarixli Sərəncamını xatırladıb, bu sənədin əhəmiyyətini qeyd edib. Bildirilib ki, toplu Ə.Topçubaşovun yubileyinə həsr olunan tədbirlərin davamı kimi nəşr edilib. Kitaba görkəmli ictimai xadimin jurnalistlik, siyasi-ictimai, dövlət xadimi kimi və mühacirətdəki fəaliyyətlərinə aid əsərlər daxildir.

Nəşrin redaktoru, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, Əlimərdan bəy Topçubaşov milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyətlərimizdəndir. O, təkcə doğma xalqının deyil, Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalisinin liderlərindən biri kimi siyasət və ictimai fəaliyyət meydanına atılıb. Tutduğu yol, öncüllərindən biri olduğu siyasi mübarizə Ə.Topçubaşovu məntiqi şəkildə müstəqil milli dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasına gətirib. O, ən çətin sahəyə - xarici siyasətə rəhbərlik edib və bu sahədə böyük uğurlara imza atıb. Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında Ə.Topçubaşovun böyük rolu olduğu bildirilib.

Ə.Topçubaşov həm də tarixçi alim, politoloq, jurnalist, görkəmli ictimai, siyasi, dövlət xadimi olub.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov xalqımızın milli mənlik şüurunun oyanmasında mühüm rol oynamış AXC Parlamentinin sədri Ə.Topçubaşovun Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış AXC-nin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlərindən söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: