Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şəxs adları
12.02.2026 15:15
  • A-
  • A
  • A+

Şəxs adları

Şəxs adları onomastikanın antroponimləri öyrənən şöbəsidir. Bu kateqoriyalar 2 formada işlənir: a) əsas adlar; b) köməkçi adlar. Rəsmi qeydiyyata alınanlar əsas sayılır (məsələn, şəxsin adı, atasının adı və soyadı). Ləqəb, təxəllüs, titul və fəxri adlar köməkçi kateqoriyaya daxildirlər, bunlar hər hansı bir şəxsin həyatı və yaradıcılığının müəyyən mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya da adını əvəz edərək təklikdə işlənir.

Şəxs adları hər bir xalqın maddi və mənəvi mədəniyyəti əsasında formalaşıb inkişaf edir, yaradılmasında bütün xalq iştirak etdiyi üçün bu leksika mənəvi sərvətdir. İnsanlar arasında ünsiyyət zamanı ad hər şeydən tez diqqəti cəlb edir. Azərbaycan şəxs adlarının tərkibi olduqca rəngarəngdir: əsasını, genetik baxımdan, türk şəxs adları təşkil edir. Tarixin dərin qatlarından  nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatan ən qədim adlar türk xalqlarının antroponimik ehtiyacını yüksək səviyyədə ödəməkdədir. Antroponimik sistemin tərkibini təşkil edən hər bir ünsür tarixi-fəlsəfi və mədəni-sosioloji mahiyyət daşıyır. Bunlarda xalqın düşüncə və təsəvvürü, adət-ənənəsi, dünyagörüşü, məişəti, yaşadığı ictimai-siyasi quruluşun əlamətləri və s. öz əksini tapır. Azərbaycan şəxs adları qədim tariximizin izlərini, islamdan əvvəlki dövrünü, baş vermiş ictimai-siyasi hadisələri, adqoyma ənənələrini, eləcə də dini-mifoloji təsəvvürləri və s. əks etdirir. Antroponimlər min illər boyu inkişaf prosesi keçmişdir: sistemin inkişafı və mərhələləri öyrənildikcə bu qatın struktur tipləri, tərkibi, soy kökümüzün yayılma arealları müəyyənləşir, xalqın etnik mənzərəsi, millətlər arasındakı mədəni əlaqələr aydınlaşır, keçmiş və müasir adət-ənənələr üzə çıxır. 

Şəxs adları ictimai-tarixi inkişafın məhsuludur, cəmiyyətin müxtəlif pilləsində yarandıqları üçün  dilimizin ən qədim norma və qanunlarını mühafizə edib saxlayan, tarixin izlərini müasir dövrümüzə gətirən real faktlardır. Şəxs adları ümumi isimlərdən əmələ gəlsə də, apelyativ leksikadan fərqli səciyyəvi xüsusiyyətlərə malikdir və bu leksik vahidlərə nisbətən azlıq təşkil edir.

Şəxs adlarımız daha qədim qatlara aiddir, yazılı və şifahi abidələrimizdən daha əvvəl mövcuddur - xalqın tarixi, milli psixologiyası, elmi və mədəni səviyyəsi, mifik-dini baxışı, xoş həyat uğrunda mübarizəsi, təbii və ictimai hadisələrə münasibəti, xarici görünüşü və xarakteri, igidliyi və qəhrəmanlığı, peşə məşğuliyyəti, istək və arzuları və s. ilə əlaqədar olaraq yaranmış, zaman keçdikcə zənginləşmiş və milli zəmində cəmiyyətin bütün üzvlərinə xidmət etmişdir. Antroponimlər insanları adlandırmağa, bir-birindən fərqləndirməyə xidmət edir. Hər bir ad müəyyən assosiasiya doğurur, yaratdığı təəssürat öz məzmunundakı rəngarəng informasiya çalarları ilə müəyyən məqsədə xidmət edir. Semantikası - adın daşıdığı informativ məzmundur.

Yeni adlar dəyişən həyat tərzi ilə əlaqəli əmələ gəlir. Azərbaycan şəxs adları tarixi mərhələlərdə müxtəlif ad sistemlərinin təsirinə məruz qalmışdır. VII əsrdən başlayaraq ərəb, XI əsrdən fars ad sistemləri qədim türk antroponimiyasına qüvvətli təsir göstərsə də, onu sıradan çıxara bilmədi. Uzun əsrlərdir ki, Azərbaycan antroponimiyasında türk adları ilə bərabər, ərəb və fars mənşəli adlardan geniş istifadə edilir və bu proses indi də davam etməkdədir. XIX əsrdən başlayaraq adlarımız rus ad sisteminin təsirinə məruz qalmış və özünəməxsus inkişaf yolu keçmişdir. Müasir Azərbaycan ad sistemi Qərbi Avropa mənşəli  adlarla da zəngindir. İstər ərəb, fars, monqol işğalı, istərsə də rus əsarəti dövründə antroponimlər müəyyən dəyişikliyə uğrasalar da, xalqımızın dil xüsusiyyətlərinə uyğunlaşdırılmışlar. Yeni həyat tərzinə keçilməsi ilə tarixin müxtəlif dövründə formalaşmış və dildə özünəməxsus mövqeyə malik olan bu adların xeyli hissəsi  funksionallığını itirmiş, sonralar isə arxaik sözlər kimi işləklikdən çıxmış, yerini yeni, sadə və anlaşıqlı adlar tutmuşdur. Cəmiyyət həyatında baş verən dəyişiklik, iqtisadi-mədəni inkişaf, mənəvi təkamül yeni adların yaranmasında mühüm rol oynayır.

Qədim dövrlərdə ləqəb və adlar arasında heç bir sərhəd olmamış, sonralar ərəb ad sisteminin təsiri ilə onlar öz məzmun və funksiyalarına görə bir-birindən fərqlənmişlər. Təsadüfi deyildir ki,  bu gün də  ad - ləqəb, ad - təxəllüs,  ad - titul, ləqəb - titul,  ləqəb - təxəllüs, ləqəb - uydurma adlar, ləqəb - familiya, ləqəb - əzizləmə və kiçiltmə adlar və s. kateqoriyaların fərqləndirilməsində çətinliklərlə rastlaşırıq.

Ad - varlığı başqalarından ayırmaq üçün insanlara  verilən və onları tanıdan  sözdür. Gözəl mənalı adlar qədim zamanlardan bu günədək fərdlərin adlanmasında istifadə olunmaqda davam edir. Şəxs adı əslində insanları bir-birindən fərqləndirən  işarə və əlamətdir, bəşər övladının topladığı təcrübədən, ağıldan irəli gəlir.

Adlar din və inanc daxilində də birliyə təşviq edir. Yəni dini birlik, qarşılıqlı təsir nəticəsində, milliyyətindən asılı olmayaraq ümumi qəbul edilmiş adlar mövcuddur. Azərbaycan, Türkiyə Cümhuriyyəti, Yaxın Şərq, Cənubi Asiya, Afrika, eləcə də dünyanın müxtəlif coğrafi bölgələrinin vətəndaşları, milyardlarla müsəlman icması ad birliyinə sahibdirlər. Məsələn, Məhəmməd, Əli, Ömər, Abdulla, Əbubəkr, Adil, Əhməd, Akif, Amin,  Bahadır,  Bədr, Bədrəddin,  Bəkir, Bəşir, Bürhan,  Cahid, Cəlal, Cəlaləddin, Cəmil, Cövdət, Cübeyir, Əkrəm, Əməl, Emin,  Əmrə,  Ənis, Ənvər, Ərkan, Fəzilət, Əsəd, Şərif, Eyyub, Faruk, Fateh, Həbib, Xəlil, Halim, Humeyir, Həmzə, Harun, Həsən, Heydər, Kərim, Hikmət, Hüseyn, Mahir, İbrahim, Ehsan, İsmayıl, Kazım, Kənan, Mahmud, Mərva, Maqsud, Mənsur, Murad, Mürüvvət, Mürtəza, Mustafa, Nadir, Nafiz, Nail, Nəcib, Nəcməddin, Nihal, Nihan, Nəzir, Nihat, Nemət, Niyazi, Nuran, Nurəddin, Nurulla, Pünhan,  Ramiz, Rasim, Səbri, Səfa, Səid, Sakib, Salih, Sami, Salman, Miraga, Sinan, Suat, Süleyman, Taha, Tahir, Təhsin,  Tarik, Üqba, Useid, Vaqif, Varis,Vədət, Yəhya, Yunus, Yusif və s. Ad milli və genetik mədəniyyətdən təsirlənir - bu adlar eşidildikdə, sahibinin müsəlman olduğu  dərk edilir, elə bu səbəbdən də tarixə kök salmış müsəlman birliyinə kömək edən ümumi adlar qorunmalıdır. İnanca görə, ad şöhrət sözündəndir, uca peyğəmbərimizin əsma və hüsnünə işarədir.

Şəxs adlarında milli idealın gözəlliyinə xələl gətirən, qüsurları özündə əks etdirən adlara da rast gəlinir. Kitablarda da verilən adların hamısı tövsiyə olunan deyil, dilimizdə kök salmış, lakin məna etibarilə gözəl hesab etmədiyimiz adları da vardır. Bu da bir ibrətdir - insanlar özləri yaxşını pisdən ayırsınlar. Həzrət Peyğəmbər  bir kimsənin ismini soruşduqda, xoşuna gəldisə - nəşəsi üzündən görünər, sevinərdi, xoşuna gəlməzdisə, yenə üzünün ifadəsindən bəlli olardı. Həzrət Əli (s.ə.) haqqında rəvayətlərin birində deyilir: "Oğlum Həsən dünyaya gələndə ona Hərb ismini qoydum. Peyğəmbər (s.s.) gəldi və dedi: - Oğlumu mənə göstər. Ona nə ad qoyduğumu soruşdu. Mən də Hərb (müharibə) deyəndə, buyurdu: - Xeyr, o  Həsəndir. Oğlum Hüseyn dünyaya gələndə, bu dəfə də ona Hərb adını verdim. Peyğəmbərimiz (s.ə.) yenə gəldi və soruşdu: - Ona nə ad qoydunuz? Oğlumu mənə göstər. Bir də yenə Müharibə deyəndə, dedi: -  Xeyr, bu Hüseyndir". Bu hadisə üç dəfə təkrar olunsa da, Həzrət Peyğəmbər fəlakət mənalı adın qoyulmasına etiraz edir.

İnsana verilən adın müsbət bir mənası yoxdursa,  bu mənfilik şüur altında gizli motivlə yaşaya, sahibinə təsir göstərə bilər. Əsas ad sahibinin hansı mənadan ruh almasıdır.Ad şəxsi tanıdan və onu digər insanlardan fərqləndirən ən xarakterik simvoldur. Bu səbəbdən, psixoloji rahatlıq yaşatmaq üçün hər kəsə gözəl ad qoyulmalıdır. Şüuraltı olaraq, hər kəs adına uyğun davranır və ya adına layiq olan hərəkətlər edir:  mənalı adlar şəxsiyyətlərində əks olunur. Pis mənalı adlar insan üçün eyni zərərli və mənfi nəticələr verir, hətta bəzən istehza mövzusu, utanc və ya təhqir hiss etməsinə səbəb olur, sanki davranışı bu adın mənasına uyğundur. Şübhəsiz ki, bu da öz növbəsində, dolayı yolla fərdin şəxsiyyətinə təsir göstərir, şərəfinə və qüruruna toxunur, ona bu adı verənlərə sevgi hissinə təsir edir. Adlar millətin, cəmiyyətin mədəniyyətinin, inanclarının, hiss və düşüncələrinin, əxlaq və dəyərlərinin məhsuludur, ədəbi və bədii zövqün motivləridir.

Ad sosial fərdlər dairəsində zəruri ünsiyyət ehtiyaclarını təmin etmək, şəxsiyyətin eyniləşdirilməməsi funksiyasını daşıyır. Advermənin prinsiplərini düzgün müəyyənləşdirmək üçün antroponimik vahidlərin milli-etnik funksiyası əsas olmalıdır. Ad verilərkən, ilk növbədə, məna və məzmun ön plana çəkilməli, daha çox estetik, üslubi cəhətə, advermə adət-ənənələrinə, leksik-semantik cəhətdən böyüklük, alilik, xoşbəxtlik, möhtəşəmlik, ucalıq, qəhrəmanlıq, gözəllik, müdriklik və s. anlayışlara  diqqət yetirilməlidir. Qadın adlarının məzmununda incəlik, zəriflik, kişi adlarında güc, qüvvət, əzəmət və vüqar ön plana çəkilir. Valideynlərin arzusu budur ki, övladlarına qoyduqları adlar bu motivlərlə bağlı olsun, böyüdükcə uşaqda belə əlamətlər formalaşsın.

Uşağa gözəl ad vermək ana və atanın vəzifələrinin ən vacibi, ən birincisidir. Ad sahibini tanıdan, onu digər insanlardan fərqləndirən ən xarakterik simvoldur - insan həyatında ən çox eşitdiyi söz öz adıdır. İman dəyərlərimiz, hisslərimiz, düşüncə motivlərimiz öz uşaqlarımıza, həm də yaxınlarımızın, dostlarımızın övladlarına verdiyimiz adlarla ölçülə bilər. Rəbbimiz də gözəl mənalı adlardan məmnun qalır!

Nadir MƏMMƏDLİ, filologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: