Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.02.2026 10:04
  • A-
  • A
  • A+

“Azərbaycanda sualtı arxeoloji tədqiqatlar: keçmişdə və indi” mövzusunda mühazirə dinlənilib

“Azərbaycanda sualtı arxeoloji tədqiqatlar: keçmişdə və indi” mövzusunda mühazirə dinlənilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri t.e.d., professor Abbas Seyidovun doktorant və dissertantlar üçün “Azərbaycanda sualtı arxeoloji tədqiqatlar: keçmişdə və indi” mövzusunda mühazirəsi keçirilib.

Hibrid formatda təşkil olunan mühazirədə professor A.Seyidov qeyd edib ki, Azərbaycanda sualtı tədqiqatlar 90 ilə yaxındır ki, davam edir. Birinci mərhələ 1938-1940-cı illəri əhatə edib. 1939-cu ildə Səbail adasının ətrafından 700-dən artıq üzəri yazılı və təsvirli daşlar tapılmışdır ki, hal-hazırda bu daşlar Şirvanşahlar sarayında saxlanılır. A.Seyidov bu sahədə ən geniş tədqiqatların 1968-1987-ci illəri əhatə etdiyini, təxminən 20 il ərzində mərhum arxeoloq V.Kvaçidze tərəfindən Xəzər sahillərindən, dənizin dibindən və adalardan 4 mindən artıq maddi-mədəniyyət qalığının aşkar edildiyi barədə doktorant və dissertantlara geniş məlumat verib. 2008-ci ildə İdris Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlardan söz açan professor bir müddət bu sahədə yaranan fasilədən bəhs edib, 2022-2023-cü illərdə Neftçala və Salyan rayonlarında Mikayıl Mustafayev tərəfindən Kür çayının suyunun çəkilməsi nəticəsində üzə çıxan antik dövr küp qəbirlərinin tapılaraq tədqiqata cəlb olunması ilə yenidən sualtı arxeologiyanın canlanmasına səbəb olduğunu vurğulayıb.

Professor A.Seyidov müdiri olduğu Xəzər arxeologiyası şöbəsi tərəfindən 2024-cü ildə Abşeron yarımadasının sahilyanı ərazilərində - Zirə kəndi, Pirallahı ətrafı və Şəhri-Gürganda aparılan arxeoloji tədqiqatlar zamanı Xəzərin suları altında orta əsrlərə (XII-XIV əsrlər) aid artefaktlar, batmış iki gəmi qalığı, daş və metal lövbərlərin qeydə alınması, 2025-ci ildə isə Lənkəran rayonu, Bəndovan burnu və digər Xəzərsahili ərazilərdə aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar barədə doktorant və dissertantlara geniş məlumat verib.

Sonda A.Seyidov gənc alimləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: