AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) kitab fondlarına daxil olan yeni kolleksiyalar barədə ictimaiyyəti məlumatlandırmaq istiqamətində işləri davam etdirir.
Aprelin 14-də kitabxanada yeni yaradılmış AMEA Naxçıvan Bölməsinin kitab kolleksiyasının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çoxəsrlik tarixə malik olan Naxçıvan diyarının elm, mədəniyyət və ədəbiyyatının öyrənilməsi, habelə təbliği istiqamətində son illər mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Alim görülən bu işlərin nəticəsi olaraq Naxçıvanın milli tarixinə yeni yanaşmanın əsasının qoyulduğunu vurğulayıb.
Kolleksiyaya daxil olan “Naxçıvan tarixi” kitabı haqqında məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin müəlliflər kollektivinin hazırladığı 3 cildlik kitab Naxçıvanın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, bu diyarın ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli siyasi və ədəbi şəxsiyyətləri, onların müstəqillik uğrunda mübarizəsini əks etdirən dəyərli monoqrafik tədqiqatdır.
Akademik qeyd edib ki, çoxcildlik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli Sərəncamına əsasən hazırlanıb. AMEA Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli iclasında kitabın aktuallığı və Azərbaycançılıq ideologiyasının təbliği baxımdan əhəmiyyəti nəzərə alınaraq, əsər 2015-ci ilin ən mühüm elmi nəticəsi hesab edilib və kitabın müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması qərara alınıb.
Akademik onu da əlavə edib ki, kolleksiyaya daxil olan ədəbiyyatlarda xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası, dialektləri və folkloru öz əksini tapır. Bu da Naxçıvanla bağlı araşdırma aparan tədqiqatçılar üçün dəyərli istinad mənbəyidir.
Sonra AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı kolleksiyaya daxil olan kitablarla tanış olduğunu bildirib. O, kolleksiyanın Azərbaycan xalqının tarixi keçmişini əks etdirən əsərlərlə zəngin olduğunu bildirib. Professor qeyd edib ki, bu əsərlərdə coğrafi məkanlardan söz açılır və bu məkanların Naxçıvan ərazisində qeydə alınması regionun qədim ərazi olduğunu bir daha təsdiqləyir. Bu da öz növbəsində Naxçıvana ərazi iddiaları irəli sürən ermənilər üçün tutarlı faktdır.
Daha sonra çıxış edən MEK-in direktoru, tibb üzrə fəlsəfə dokroru Leyla İmanova kitabxananın bu günə qədər təqdim etdiyi kolleksiyalar barədə məlumat verib. Sözügedən kolleksiyanın akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yardıldığını qeyd edən MEK rəhbəri bura daxil olan nəşrlərin Azərbaycanın qədim torpağı olan Naxçıvanın tarixi, arxeologiya və etnoqrafiyası, folkloru və milli dəyərlərinin araşdırılması sahəsində ərsəyə gələn qiymətli əsərlərdən ibarət oluğunu bildirib.
Tədbirdə MEK-in Oxucu-istifadəçilərə xidmət bölməsinin rəhbəri Sevil Məmmədova AMEA Naxçıvan Bölməsinin kolleksiyasına daxil olan kitablar haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Bölməsindən bu kolleksiya üçün kitabxanaya 300-dən artıq kitab gətirilib. Kolleksiya MEK-in Akademiklər zalının yardımçı fondunda yerləşdirilib və oxucuların ixtiyarına verilib. Bura tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid ədəbiyyatlar daxildir. Bundan əlavə, kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də yer alır.
Tədbirdə digər çıxış edən iştirakçılar kolleksiyanın təqdimatını Azərbaycan tarixşünaslığına dəyərli töhfə kimi qiymətləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.