Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın prezidenti, professor Aktotı Raimkulova ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev arasında görüş keçirilib.
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə AMEA Folklor İnstitutu arasında mövcud əməkdaşlığın cari vəziyyəti, həyata keçirilmiş birgə layihələrin nəticələri və perspektiv inkişaf istiqamətləri ətraflı müzakirə olunub. Müzakirələrdə Fondun Aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Hacıyev, layihələr üzrə rəhbər Leyla Həsənova və tədqiqat üzrə mütəxəssis Serik Nurmoldaev də iştirak ediblər.
Görüş çərçivəsində 2025-ci ildə birgə həyata keçirilmiş elmi və nəşr layihələrinin əhəmiyyəti vurğulanıb. Xüsusilə çoxcildli, çoxdilli “Türk Folklor İrsi” Antologiya nəşrinin birinci cildi – “Azərbaycan qəhrəmanlıq eposu”nun elmi prinsiplər əsasında hazırlanaraq yüksək keyfiyyətlə çap olunmasının türk dünyasının folklor irsinin öyrənilməsi və təbliği baxımından mühüm töhfə olduğu qeyd edilib. Bununla yanaşı, “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk Dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpoziumun türk xalqlarının ortaq mədəni yaddaşının araşdırılması və yeni elmi yanaşmaların formalaşdırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər, eyni zamanda, Antologiyanın ikinci cildi olacaq “Azərbaycan məhəbbət dastanları”nın hazırlanması ilə bağlı görülən işləri və qarşıda duran vəzifələri müzakirə ediblər. Qeyd olunub ki, bu nəşr türk xalqlarının mənəvi dəyərlərinin, estetik düşüncə tərzinin və zəngin folklor ənənələrinin elmi əsaslarla təqdim olunmasına mühüm töhfə verəcəkdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələn vəzifələr də nəzərdən keçirilib, türkoloji tədqiqatların müasir elmi yanaşmalar əsasında inkişaf etdirilməsinin və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Bu kontekstdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, yubiley tədbirləri çərçivəsində AMEA prezidentinin rəhbərliyi ilə aparılan müzakirələrdə akademik İsa Həbibbəyli tərəfindən irəli sürülən mühüm elmi çağırışlardan biri Türkologiyanın miqyasının genişləndirilməsi, ədəbiyyat, folklor, memarlıq, sənətşünaslıq, tarix və digər humanitar sahələri də əhatə etməsi ilə bağlıdır.
Məhz bu konseptual yanaşmadan çıxış edərək görüş zamanı türkoloji folklorşünaslıq anlayışının elmi-nəzəri əsasları və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Hikmət Quliyev vurğulayıb ki, müxtəlif türk xalqlarının folklorşünaslıq ənənələri, əsasən, sovet dövründə formalaşmış filoloji estetikaya əsaslandığından bu sahənin elmi-nəzəri yanaşmalarında dünya folklorşünaslıq məktəbləri ilə müəyyən fərqlər meydana çıxmışdır. Alim beynəlxalq elmi təcrübəyə istinad edərək vurğulayıb ki, folklor yalnız sözlü mətnlər toplusu deyil, mahiyyət etibarilə “kollektivlik, ənənəvilik və variantlıq” prinsipləri üzərində formalaşan, sosial yaddaşı və mədəni biliyi ehtiva edən mürəkkəb bir sistemdir və bu səbəbdən folklorun sosial-antropoloji folklorşünaslıq yanaşmaları kontekstində araşdırılması zəruridir. Bu baxımdan müasir elmi-nəzəri yanaşmaların tətbiqi, metodoloji modellərin yenilənməsi və terminoloji uyğunluğun təmin edilməsi türk dünyasının zəngin folklor irsinin daha geniş, inteqrativ və müqayisəli şəkildə öyrənilməsinə şərait yaradacaqdır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova türk xalqlarını birləşdirən əsas amillərdən birinin məhz zəngin folklor irsi olduğunu qeyd edərək, bu istiqamətdə birgə elmi təşəbbüslərin və layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Fondun AMEA Folklor İnstitutu ilə əməkdaşlığın daha da genişləndirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüş çərçivəsində “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq simpoziumun Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkili məsələləri də müzakirə edilib.
Görüş qarşılıqlı anlaşma və konstruktiv mühitdə davam edərək, gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.