Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.02.2026 20:00
  • A-
  • A
  • A+

Faiq Ələkbərliyə Kokand Universiteti tərəfindən təşəkkürnamə təqdim olunub

Faiq Ələkbərliyə Kokand Universiteti tərəfindən təşəkkürnamə təqdim olunub

9-13 fevral 2026-cı il tarixlərində Özbəkistanın Kokand şəhərində yerləşən Kokand Universitetində olan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli bir həftə ərzində universitetin tələbələrinə fəlsəfədən, xüsusilə türk xalqlarının fəlsəfi fikir tarixindən dərslər keçərək mühazirələr oxuyub, elmi-praktik tədbirlərdə məruzələrlə çıxış edib.

13 fevralda Kokand Universitetinin İctimai fənlər kafedrasının təşkilatçılığı ilə Türk dünyasının tanınmış şəxsiyyətləri Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babura həsr olunmuş “Nəvai və Babur: tarix-təbiət-təfəkkür uyğunluğu” mövzusunda keçirilən tədbirdə isə Faiq Ələkbərli “Əlişir Nəvainın ictimai-fəlsəfi görüşləri” mövzusunda əsas məruzəçı kimi çıxış edib.

Tədbirdə Kokand Universitetinin İctimai fənlər kafedrasının müdiri dosent Səlahəddin Yoldaşev, professor Nadircan Xanmirzayev, dosent Rövşəncan Abdullayev, dosent Nərgizə Şərifova və başqaları da məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda Kokand Universitetinin İctimai fənlər kafedrasının müdiri dosent Səlahəddin Yoldaşev bir həftə ərzində universitetin tələbələrinə fəlsəfədən, xüsusilə türk xalqlarının fəlsəfi fikir tarixindən dərslər keçərək mühazirələr oxuduğu və tədbirlərdə məruzələr etdiyi üçün universitetin rəhbərliyi adından Faiq Ələkbərliyə təşəkkürnamə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: