Çin Xalq Respublikasının nümayəndə heyəti - Çin Musiqi Akademiyasının sabiq rektoru, “Çin musiqisi” jurnalının baş redaktoru professor Zhao Talimu, Pekin Xarici Dillər Universitetinin professoru Mu Hongyan, Çin Musiqi Akademiyasının dosenti, Çinin məşhur zurna ifaçısı Zhang Qianyuan və akademiyanın doktorantı Zhang Wanbo AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.
Qonaqları Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova qəbul edib, onlara institutun tarixi, nəşrləri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib.
Daha sonra nümayəndə heyəti institutun Ekspozisiya zalını ziyarət edib, burada elmi-tədqiqat müəssisəmizdə saxlanılan, musiqişünaslıq elmini özündə əks etdirən sərgi ilə tanış olublar. Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilova və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla institutun fondunda mühafizə olunan musiqi ilə bağlı materiallar haqqında qonaqlara geniş məlumat veriblər.
Sərgidə nümayiş olunan Mir Möhsün Nəvvab Qarabağinin “Musiqi elmində rəqəmlərin izahı” və “Təsvirli musiqi tarixi” adlı əlyazmaları qonaqların böyük marağına səbəb olub. Sözügedən əsərlər nümayəndə heyətinin diqqətini elmi, tarixi və mədəni əhəmiyyəti baxımından cəlb edib. Görüş zamanı qonaqlara Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan Multidissiplinar əlyazması: Xəzinədən incilər” və “Azərbaycan muğamı miniatürlərdə” kitabları hədiyyə olunub.
Görüş əsnasında çinli qonaqlar təəssüratları ilə bağlı institutun xatirə kitabına ürək sözlərini qeyd ediblər: “Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu bəşər sivilizasiyasının qorunması işinə önəmli töhfələr vermişdir. İnstitutun bütün heyətinin peşəkarlığı bizdə çox dərin təəssürat yaratmışdır. Tədqiqat institutunun təqdim etdiyi materiallar sayəsində biz İpək Yolu sivilizasiyasının müasir dövrdə sülhə və ümumi tərəqqiyə verdiyi praktiki əhəmiyyətini daha dərindən dərk etdik.”
Sonda görüş iştirakçılarının xatirə fotosu çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.