Aprelin 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl-sərkərdə və hökmdar” adlı sərgi açılıb.
Tədbirdə bir sıra tanınmış elm xadimləri, mədəniyyət və incəsənət ocaqlarının təmsilçiləri, o cümlədən “Dərbənd” Xeyriyyə Cəmiyyətinin üzvləri iştirak ediblər.
Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi “Peşəkarlar” qrupu üzvlərinin nağarada ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başlanıb.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin əhəmiyyətini qeyd edib. Ölkəmizin dövlətçilik ənənəsi tarixindən danışan akademik Azərbaycan Səfəvilər dövlətinin olduqca zəngin irsə malik olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Səfəvilər irsinin öyrənilməsi və tədqiqi hər zaman elmimiz üçün prioritet olub. I Şah İsmayılın dövlət quruculuğu fəaliyyətindən və sərkərdəliyindən bəhs edən natiq, onun Azərbaycan tarixində mədəniyyət, elm sahələrindəki xidmətləri ilə yanaşı, siyasət sahəsində də xidmətlərinin danılmaz olduğunu vurğulayıb. Akademik bildirib ki, təqdim olunan sərgidə I Şah İsmayılın böyük Azərbaycan sərkərdəsi kimi fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə sərginin konsepsiyasının akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl-sərkərdə və hökmdarın portreti” kitabı əsasında tərtib olunduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri qeyd edib ki, respublikamızın elmi-mədəni həyatında əlamətdar hadisə olan bu sərginin hazırlıq işləri ciddi elmi axtarışlar, geniş bərpa-restavrasiya işləri, yeni tərtibat işləri tələb etməsinə baxmayaraq, Prezident İlham Əliyevin elmə və dövlətçilik tariximizə olan diqqət və qayğısı nəticəsində buna nail ola bildik.
Digər çıxış edənlər də vurğulayıblar ki, belə bir sərginin keçirilməsi ilə zəngin tariximizə bağlılığı bir az da artırmış oluruq.
Daha sonra Əməkdar Artist Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının ifasında XIV əsr bəstəkarı Əbdülqadir Marağayinin “Hüseyn bəstə”, Naxış bəstə” və “Qədim türk” əsərləri səsləndirilib.
Sonra sərginin açılışı olub.
Sərgidə 130-dan artıq eksponat – silahlar, pullar, kaşılar, parçalar nümayiş olunur. Eksponatların mahiyyətini tam açmaq, onların tarixi hadisələrlə bağlılığını göstərmək məqsədilə informasiya-məlumat panelindən istifadə edilib.
Qeyd edək ki,Azərbaycan tarixinin görkəmli simalarından olan böyük sərkərdə və dahi hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunan sərgi ilk dəfədir təşkil edilib.
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi 2016-cı il dekabrın 15-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir