Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.02.2026 09:48
  • A-
  • A
  • A+

Azərbaycan Əlyazmaları Səudiyyə Ərəbistanında nümayiş olunub

Azərbaycan Əlyazmaları Səudiyyə Ərəbistanında nümayiş olunub

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Kral Əbdüləziz Mərkəzinin (Darah) birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Arxivindəki Ərəb Əlyazmaları” adlı sərgi keçirilib.

Azərbaycan mədəniyyətinin və elmi irsinin təbliğinə həsr olunmuş sərgidə Əlyazmalar İnstitutunda mühafizə olunan, əsasən Ərəbistan yarımadasının tarixini, coğrafiyasını və İslam alimlərinin klassik irsini əks etdirən əlyazma əsərlərinin yüksək keyfiyyətli fotosurətləri iştirakçılara təqdim olunub. Ərəb dilçiliyi, ədəbiyyatı, tarixi, islam elmləri sahəsinə aid müxtəlif əlyazmaların fotosurətləri, azərbaycanlı katiblər tərəfindən köçürülən nüsxələrin nümayiş olunduğu sərgi ziyarətçilər və ərəb alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev və səfirliyin attaşesi İlqar Qarayev çıxış edərək iki ölkə arasındakı mədəni əlaqələrin strateji əhəmiyyətini vurğulayıblar.

Səudiyyə Ərəbistanı tərəfindən Kral Əbdüləziz Mərkəzinin icraçı direktoru Turki bin Məhəmməd əş-Şuveyir, icraçı direktorun müavini doktor Əbdüləziz bin Nasir əl-Xureyf, Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq üzrə İdarənin rəisi Məhəmməd bin Əli əl-Qarni və Kral Ailəsinin Tarixi Mərkəzinin rəisi Əbdürrəhman bin Abdullah əş-Şuveyir sərginin təşkilatçıları qismində iştirak ediblər.

Sərgi çərçivəsində aparılan müzakirələr zamanı Səudiyyə Ərəbistanı Kral Əbdüləziz Mərkəzinin əməkdaşları 2026-cı ilin may ayında Azərbaycana Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna edəcəkləri səfərləri haqqında səfirliyimizin əməkdaşlarına məlumat verib, səfər əsnasında Bakıda dünya tibb elminin banilərindən biri, məşhur cərrah Əbu Qasim əz-Zəhraviyə həsr olunacaq elmi seminarın təşkilinin nəzərdə tutulduğunu vurğulayıblar.

Tədbir çərçivəsində tərəflər arasında dostluq və elmi tərəfdaşlığın rəmzi olaraq qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.

Qeyd edək ki, Kral Əbdüləziz Mərkəzində sərginin yüksək səviyyədə təşkili, elmi materialların seçilməsi və təqdimi Əlyazmalar İnstitutunun əməkdaşları - Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova tərəfindən həyata keçirilib. Sərgiyə təqdim olunan əlyazma əsərlərinin hazırlanması və fotosurətlərinin çıxarılmasında institutun Fondların elmi uçotu və mühafizəsi və Əlyazmaların elektron resursları şöbələrinin əməkdaşlarının müstəsna əməyi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: