Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşı Nailə Yusifovanın “Daşkəsən yatağının kobalttərkibli filizinin emalı” adlı kitabı çapdan çıxıb.
Kitab Daşkəsən yatağının kobalttərkibli filizindən kobaltın çıxarılması istiqamətində tədqiqatlara həsr edilib. Kobaltın filizlərdən çıxarılmasının optimal şəraiti, həmçinin sulfid filizinin emal məhsullarından kobaltlı birləşmələrin ayrılmasının kimyəvi qanunauyğunluqları öyrənilib. Daşkəsən yatağının kobalt filizindən kobaltın alınması üçün pirometallurgiya və hidrometallurgiya üsulları tətbiq edilib.
Kobalt filizinin və onun emal məhsullarının kimyəvi və mineraloji analizi aparılmış, xam kobalt filizini mineral turşularda (H2SO4, HCl) həll etməklə, məhlula çıxım dinamikası tədqiq edilib. Kobalt filizinin sulfatlaşdırıcı yanma aparılması və termiki parçalanmasının kinetik qanunauyğunluqları, termiki parçalanmış kobalt filizinin ammonium xloridlə emalının optimal şəraiti tədqiq edilib. Emal məhlullarından kobaltın və onu müşayiət edən elementlərin çökdürülərək ayrılması istiqamətində tədqiqatlar aparılıb. Kobaltın istehsalının yeni texnologiyası ekstraksiya prosesləri tətbiq edilib. Kobaltın məhlullardan ekstraksiya üsulu tətbiq etməklə, həmçinin müxtəlif ekstragentlərdən istifadə edərək kobaltı onu müşaiyət edən metallardan ayrılması tədqiq edilib.
Kitab metallurgiya sahəsində çalışanlar, həmçinin tələbələr və aspirantlar üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.