Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov muzeyin Xaqani Şirvani adına Aran Regional filialında Kürdəmir rayonu Tahir İslamov adına Dəyirmanlı tam orta məktəbinin şagirdləri ilə görüşüb.
O, klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək, eləcə də şagirdlərin intellektual düşünmə qabiliyyətini artırmaq, biliklərini zənginləşdirmək baxımından gənclərin muzeylərə ekskursiyasını təşkil etməyin vacibliyini vurğulayıb.
Akademik Rafael Hüseynov müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan danışıb, şagirdlərin suallarını cavablandırıb.
Daha sonra məktəblilər muzeydə ən qədim dövrdən müasir zamanadək ədəbi prosesi əhatə edən materiallar və yeni eksponatlarla tanış olublar. Burada Azərbaycanda müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamların, tanınmış heykəltəraşların hazırladıqları portretlər, ayrı-ayrı bədii əsərlərə çəkilmiş illüstrasiyalar, əlyazmalar, miniatürlər və ayrı-ayrı dövrlərdə nəşr edilmiş kitablar onların marağına səbəb olub.
Qeyd edək ki, muzeyi ziyarətə gəlmiş məktəblilərin bir neçəsi Xaqani Şirvani adına Aran Regional filialının tədbirlərində ifa etdikləri şeir və səhnəciklərlə fəal iştirak edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.