Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.02.2026 13:58
  • A-
  • A
  • A+

Arxeoloq alim Türk dünyası arxeoloq və bərpaçılarının beynəlxalq tədbirində iştirak edib

Arxeoloq alim Türk dünyası arxeoloq və bərpaçılarının beynəlxalq tədbirində iştirak edib

Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” Beynəlxalq Təcrübə Mübadiləsi Proqramı təşkil olunub.

Ankara və İstanbul şəhərlərində təşkil olunmuş tədbirin əsas məqsədi arxeometriya, daşınan və daşınmaz arxeoloji və memarlıq abidələrinin bərpası, mühafizəsi və sualtı arxeologiya kimi sahələrdə Türkiyənin malik olduğu texniki təcrübəni iştirakçı ölkələrin nümayəndələri ilə bölüşmək, türk maddi irsinin birgə qorunması istiqamətində fəaliyyətləri genişləndirməkdən ibarətdir. Proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistandan qatılan mədəni qurum nümayəndələri, tədqiqatçı-alimlər, ekspertlər Ankara Regional Bərpa və Konservasiya Laboratoriyası, Anadolu Sivilizasiyaları və Etnoqrafiyası Muzeyi, Ankara Hacı Bayram Veli Universiteti (Gölbaşı), Tarixi Materialların Konservasiyası və Tədqiqat Laboratoriyası (MAKLAB), Orta Doğu Texniki Universiteti (METU/ODTÜ), Fotogrammetriya Laboratoriyası, İstanbul Bərpa və Konservasiya Mərkəzi və Regional Laboratoriyalar Müdürlüyü, İstanbul Universitetinin Batmış gəmilərin tədqiqi Laboratoriyası, TÜBİTAK - MAM nəzdində AMS Laboratoriyası, DATU- Təbii Boya Analizləri Laboratoriyalarında təşkil olunmuş görüşlərdə iştirak edib, laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Azərbaycan bu tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ilə qatılıb. AMEA Arxeologiya və Antropologiya İnstitutunu bu tədbirdə institutun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminli təmsil edib.

Tədbirin son günü iştirakçı dövlətlərin nümayəndələri məruzələrlə çıxış edərək Türk irsinin qorunması ilə bağlı təcrübələrini bölüşüblər. Bağlanış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Dünyası Fondununun (TDV) Himayəçilər Şurasının sədri Nabi Avcı, Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı, Türk dünyasının müxtəlif guşələrindən mədəni irs ekspertləri iştirak ediblər. Bağlanış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova proqramın Türk dünyasında mədəni irsin qorunması sahəsində peşəkar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. O bildirib ki, bərpa və konservasiya laboratoriyaları memarlıq abidələrinin, tarixi artefaktların və ümumi mədəni yaddaşın qorunmasında mühüm rol oynayır və bu kimi təşəbbüslər türk dünyasında davamlı əməkdaşlıq üçün dayanıqlı zəmin yaradır. Proqram Ümraniyədəki tarixi Həkimbaşı Ov Köşkündə təşkil edilən işçi seminar və sertifikatların təqdimetmə mərasimi ilə başa çatıb.

Qeyd edək ki, tədbirin keçirilməsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi  (TİKA) və Türk Dünyası Fondu (TDV) kimi qurumlar tərəfindən dəstəklənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: