AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva və M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyənin Samsun şəhərində keçirilən “Keçmişdən bugünə: Şəhər və qadın” adlı V Beynəlxalq Simpoziumda iştirak ediblər.
Samsun şəhəri Canik bələdiyyə rəhbəri Osman Gencin sədrliyi və prof. Osman Kösenin təşkilatçılığı ilə keçirilən tədbirdə Nərgiz Əliyeva “XIX-XX əsrlərdə azərbaycanlı qadın geyimlərində milli-dini dəyərlər”, Səbinə Nemətzadə “Türk-İslam əlyazmalarındakı minyatür rəsimlərdə qadın obrazları” mövzusunda məruzələrlə çıxış ediblər.
Simpoziumun bağlanış mərasimində N.Əliyeva və S.Nemətzadə Azərbaycan multikulturalizmi ilə bağlı çıxış ediblər. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini söyləyən alimlər Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat verən Azərbaycan alimləri qurumun dörd kitabçada yer alan dəyirmi masa materiallarını Osman Gəncə təqdim ediblər.
Tədbirdə S.Nemətzadə növbəti il keçiriləcək simpoziumun “Şəhər və çoxmədəniyyətlilik” mövzusunda olmasını təklif edib. Bu təklif Təşkilat komitəsi, yerli və xaricdən gələn alimlər tərəfindən olduqca müsbət qarşılanıb.
Azərbaycanlı alimlər səfər çərçivəsində yerli “A” kanalına müsahibə də veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.