AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin “1926-cı il I Türkoloji Qurultay-tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabı işıq üzü görüb.
Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nizami Cəfərov, rəyçisi Türk Dil Qurumunun başqanı professor Osman Mertdir.
Kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli sərəncamı öz əksini tapır.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda həmin dövün tarixi konteksti, 100 il keçməsinə baxmayaraq tədqiq olunmayan arxiv sənədləri və mətbuat materiallarının xronoloji ardıcılllıqla transkripsiyası, seçmə tərcümələri və elmi şərhləri verilir. Nəşrdə qurultayın protokolları, məruzə və çıxış mətnləri, rəsmi teleqramlar, eləcə də müvafiq komissiyaların sənədləri yer alır. Məqsəd təkcə hadisələrin ardıcıllığını əks etdirmək deyil, eyni zamanda bunun arxasında dayanan tarixi-siyasi məzmunu, ideoloji istiqamətləri analitik şəkildə açıqlamaqdır.
Qurultay sovet məkanlarında türk dillərinin gələcək inkişafı, yazı sisteminin transformasiyası və mədəni inteqrasiya mexanizmləri ilə bağlı strateji qərarların formalaşdırıldığı rəsmi platforma kimi təhlil edilir, tarixi-funksional mahiyyəti, türkoloji istiqamətdə yaratdığı mədəni nəticələr sistemli şəkildə araşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.