Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Yaqub Mahmudov: AMEA-da Qarabağ və Qərbi Azərbaycanla bağlı mühüm tədqiqatlar aparılır
25.02.2026 16:40
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov: AMEA-da Qarabağ və Qərbi Azərbaycanla bağlı mühüm tədqiqatlar aparılır

2025-ci il Milli Elmlər Akademiyasının həyatında böyük uğurlarla yadda qalıb. Ötən il Akademiya ölkə başçısının qarşıya qoyduğu prioritetlərə uyğun tapşırıqların icrasını uğurla həyata keçirib.

Bu sözləri AMEA-nın Ümumi yığıncağında çıxışında AMEA-nın müşaviri akademik Yaqub Mahmudov deyib.

O qeyd edib ki, Akademiya Qarabağ və Qərbi Azərbaycan problemini həmişə diqqət mərkəzində saxlayır: “30 ilə yaxın işğalda qalan torpaqlarımızda maddi-mədəni tariximiz ermənilər tərəfindən məhv edilmiş, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ dağıdılmışdı. Bu baxımdan, Azərbaycan alimləri Qarabağ məsələsini hər zaman diqqətdə saxlayırdılar. Bu gün böyük zəfərimizdən sonra Qarabağda həyat yenidən oyanır, tariximiz yenidən dirçəldilir. Cənab Prezidentin qətiyyətli siyasəti sayəsində Qarabağ abadlaşdırılır, məcburi köçkünə çevrilən soydaşlarımız öz yurdlarına qayıdırlar. Bu, böyük siyasətin uğurlu və layiqli nəticəsidir. Bizim tarixi zəfərimiz yeni beynəlxalq münasibətlər sistemində dönüş yaratdı”. 

Akademik Yaqub Mahmudov vurğulayıb ki, həmçinin Qərbi Azərbaycana qayıdışla, bir sözlə Azərbaycan xalqına tarixən vurulmuş yaraların sağaldılması ilə bağlı dövlətimiz tərəfindən mühüm işlər görülür. 

“Bununla bağlı Akademiyada müvafiq şöbələr yaradılıb. Mənim də fəaliyyət göstərdiyim Tarix və Etnologiya İnstitutunda da ciddi işlər görülüb və görülməkdədir. Eyni zamanda mən Türk dünyası ilə bağlı Akademiyanın olduqca böyük işlər gördüyünü qeyd etmək istəyirəm. İraq-Türkman eli ilə bağlı məsələlərin araşdırılması, türkman dilinin qrammatikasını Azərbaycan dili əsasında yaratmaq, Suriyada, İraqda türkmanların irsinin araşdırılması istiqamətində görülmüş ciddi işləri qeyd etmək istəyirəm. Bu gün Türk dünyası ilə bağlı görülən sıx işlərin nəticəsidir ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Bu, çox mühüm işdir. Tarixin bütün dövrlərində Azərbaycan ziyalıları daima bu prosesin önündə olublar. Ulu Öndər Heydər Əliyevin zamanında bu sahədə gördüyü işlər, qoyduğu irs bu gün öz bəhrəsini verməkdədir. Türk dövlətləri təşkilatında öncül yerlərdən birini tutan Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi mühüm faktordur”, - deyə AMEA-nın müşaviri bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: