Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Alimlərin fəaliyyətinə münasibət sübuta əsaslanan analitik qiymətləndirmə üzərində qurulmalıdır
27.02.2026 23:08
  • A-
  • A
  • A+

Alimlərin fəaliyyətinə münasibət sübuta əsaslanan analitik qiymətləndirmə üzərində qurulmalıdır

Son günlər elmi ictimaiyyət nümayəndələri haqqında səsləndirilən ümumiləşdirilmiş və emosional xarakterli fikirlərə münasibət bildirərək qeyd edirəm ki, bu cür yanaşma heç bir halda akademik mühitin mahiyyətinə uyğun deyil. Çünki elmi fəaliyyət fərdi görüntü, protokol epizodları və ya təsadüfi vizual məqamlar əsasında deyil, sistemli tədqiqat nəticələri, nəşr göstəriciləri, elmi məktəblərin formalaşdırılması və beynəlxalq elmi inteqrasiya meyarları əsasında qiymətləndirilməlidir.

Alimin fəaliyyətinin əsas ölçü vahidi onun elmi məhsuldarlığı – məqalələri, monoqrafiyaları, layihələri, yetirmələri və elmi sitat indeksləridir. Müasir elmşünaslıqda qəbul edilmiş meyarlar – impakt faktorlu jurnallarda nəşr, H-indeks, beynəlxalq qrant iştirakçılığı və tətbiqi nəticələr – obyektiv qiymətləndirmənin əsasını təşkil edir. Bu baxımdan fərdi hallar üzərindən bütöv alim korpusuna münasibət formalaşdırmaq metodoloji baxımdan yanlışdır.

Bundan əlavə, akademik institutlar təkcə elmi istehsal mərkəzi deyil, həm də elmi ənənənin, milli intellektual kapitalın və strateji bilik bazasının qoruyucusudur. Fundamental tədqiqatların nəticəsi dərhal görünməyə bilər, lakin onların uzunmüddətli təsiri dövlətin elmi təhlükəsizliyi, innovasiya potensialı və milli maraqları üçün həlledicidir. Dünya təcrübəsi göstərir ki, fundamental elmin zəiflədiyi ölkələr uzun perspektivdə texnoloji asılılıq riski ilə üzləşirlər.

Akademik mühitdə islahat ehtiyacı varsa belə, bu proses konstruktiv dialoq, daxili ekspertiza və obyektiv qiymətləndirmə mexanizmləri vasitəsilə həyata keçirilməlidir. Elmi ictimaiyyətin nüfuzuna xələl gətirən ümumiləşdirilmiş ittihamlar isə nə institusional inkişafı sürətləndirir, nə də cəmiyyətlə elm arasında etimadı möhkəmləndirir.

Xüsusilə vurğulanmalıdır ki, əgər cəmiyyətdə alimlərə qarşı qarayaxma kampaniyaları, məsxərə və şəbədə xarakterli yanaşmalar geniş vüsət alarsa, bu artıq təkcə ayrı-ayrı şəxslərə deyil, bütövlükdə elmin, alimin və təhsil institutlarının nüfuzuna zərbə vurmuş olar. Sosial hörmətin aşınması gənc nəslin elmə marağının azalmasına, intellektual potensialın zəifləməsinə və uzunmüddətli perspektivdə milli inkişaf strategiyalarının sarsılmasına səbəb ola bilər. Elmi fəaliyyətin ictimai diskursda lağ obyektinə çevrilməsi isə rasional düşüncə mühitinin deqradasiyası deməkdir.

Kortəbii şəkildə ittiham edilən AMEA alimlərinin bir çoxunu yaxşı və yaxından tanıyıram. Onların əsərlərini oxuyub onları yazdıqları əsərlər kontekstində müzakirə və ittiham etsələr daha haqlı görünərlər.

Nəticə etibarilə, alimlərin fəaliyyətinə münasibət emosional reaksiyalar və ya populist yanaşmalar deyil, sübuta əsaslanan analitik qiymətləndirmə üzərində qurulmalıdır. Elmi nüfuzun qorunması, tənqidin isə metodoloji və faktoloji əsasda aparılması akademik mühitin sağlam inkişafının başlıca şərtidir.

Professor Yusif Alıyev

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: